İBB-də korrupsiya istintaqı: daha bir şəxs həbs olundu
İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) aparılan korrupsiya araşdırması çərçivəsində daha bir nəfər saxlanılıb.
Asmedia.az xəbər verir ki, TRT-nin məlumatına əsasən, İstanbul Prokurorluğunun rəhbərliyi ilə davam edən istintaq çərçivəsində reklam sahəsində fəaliyyət göstərən şirkətin sahibi Kaan Ketenci tutulub və barəsində həbs qərarı çıxarılıb.
Şimali Kiprdə saxlanıldıqdan sonra Türkiyəyə gətirilən Ketenci, İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsində dindirilib. Daha sonra o, məhkəmə qarşısına çıxarılaraq həbs edilib.
Xatırladaq ki, istintaq çərçivəsində vəzifəsindən uzaqlaşdırılmış İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Ekrem İmamoğlu da daxil olmaqla, ümumilikdə 100 nəfərə qarşı “cinayətkar təşkilat qurmaq və ya ona üzv olmaq”, “rüşvət”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə olunması” və “tenderə müdaxilə” kimi ağır ittihamlar irəli sürülüb.
Qaçqın statusunda olan Ketencinin yeri İstanbul polisi tərəfindən Şimali Kipr Koordinasiya Mərkəzi və Kıbrıs Polis Təşkilatı ilə birgə əməkdaşlıq nəticəsində müəyyənləşdirilib və o, beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyəyə gətirilib.