Asmedia.az Meyda.tv istinadən xəbər verib: Avropa İnsan Haqları Məhkəməsi 2019-cu ildəki fəaliyyəti ilə bağlı statistik bilgilərini açıqlayıb.
Həmin məlumatlarda Azərbaycanla bağlı məqamlar da yer alıb.
Sənəddə bildirilir ki, AİHM ötən il Azərbaycanla bağlı 21, 2018-ci ildə isə 9 qərar qəbul edib.
2019-cu ildə qəbul edilən 21 qərarda 38 dəfə Konvensiya ilə təminat altına alınan hüquqların pozuntusu tanınıb. 2018-ci ildə belə pozuntuların sayı 22 olub.
Pozuntusu ən çox tanınan hüquq
2019-cu ildə Azərbaycanla bağlı ən çox tanınan pozuntu azadlıq və toxunulmazlıq hüququ olub – ötən il 7 dəfə. İkinci yerdə ədalətli məhkəmə araşdırması hüququ gəlir – 5 dəfə pozulub. Növbəti yerdə isə birləşmək azadlığı gəlir. AİHM bu hüququn pozuntusunu 4 dəfə tanıyıb.
Ən çox qərar hansı ölkələrə qarşı çıxarılıb?
Avropa Məhkəməsi 2019-cu ildə ən çox qərarı Rusiyaya qarşı qəbul edib – 198 qərar. Türkiyə 113 qərarla ikincidir. 3-cü pillədə 109 qərarla Ukrayna gəlir. Rumıniyaya qarşı 62, Moldovaya qarşı 54, Macarıstana qarşı 40, Yunanıstan və Serbiyaya qarşı 24 qərar qəbul edilib. Azərbaycan 21 qərarla bu sıralamada Avropa 7-cisidir.
Ermənistanla Azərbaycan hüquq pozuntularının sayında da qonşudur – 20 qərar
AİHM ötən il İsveç, Luksemburq, Monako, Lixtenşteyn, Çexiya Respublikası, Andorra kimi ölkələri ümumiyyətlə, yada salmayıb. Onlara qarşı qərar qəbul edilməyib.
Azərbaycanla bağlı ən çox hansı hüquqların pozuntusu tanınır?
AİHM-in ötən il qəbul etdiyi 21 qərarla indiyə qədər Azərbaycanla bağlı qəbul etdiyi qərarların sayı 178-yə çatıb.
Hüquqşünas Xalid Ağəliyev deyir ki, sənəddə də göstərilir, həmin qərarlara görə, ən çox pozulan hüquqlar sırasında ədalətli məhkəmə araşdırması hüququ gəlir:
“AİHM indiyə kimi Azərbaycanla bağlı işlərdə 66 dəfə bu hüququn pozuntusunu tanıyıb. Sonrakı pillədə azadlıq və toxunulmazlıq hüququ gəlir - 61 dəfə”.
Hüquqşünas deyir ki, Azərbaycanın AİHM tarixçəsinın yaşı 20 ilə çatmır. Ancaq Azərbaycan ədalətli məhkəmə araşdırması hüququnu 1959-cu ildən bəri ən çox pozmuş 12 AİHM ölkəsindən biri olmağı bacarıb.
Ən çox hansı ölkələr şikayət edir?
2019-cu ildə Azərbaycandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayında xeyli artım olub. Azərbaycandan AİHM-ə 2016-cı ildə 331, 2017-ci ildə 679, 2018-ci ildə 313, 2019-cu ildə isə 397 şikayət göndərilib. 2018-ci ildə hər 10 min nəfərə 0,32 şikayət düşürdüsə, 2019-cu ildə hər 10 min vətəndaşa düşən şikayətin sayı nisbətən artıb - 0, 40 şikayət.
Xalid Ağəliyev deyir ki, açıqlanan məlumatlardan da aydın olur ki, Azərbaycan AİHM-ə ən çox şikayət göndərən ölkələr sıralamasında sonuncu yerdə gəlir:
“Azərbaycanda hər 10 min vətəndaş AİHM-ə orta hesabla 0.40 şikayət göndərir. Bu göstərici AİHM məkanına daxil olan ölkələrin göstəriciləri ilə müqayisədə yaxşı göstərici kimi görünür”.
Qəbuledilməz sayılan, rədd olunan şikayətlərin sayında ciddi artım
AİHM-in qəbuledilməz saydığı və ya rədd etdiyi (Azərbaycandan göndərilən) şikayətlərin sayında da ciddi artım var. Azərbaycandan göndərilən belə şikayətlər 2017-ci ildə 210 olub. 2018-ci ildə bu rəqəm 261, 2019-cu ildə isə 427 olub.
Ən çox hansı ölkədən göndərilən şikayət baxılmasını gözləyir?
AİHM-də baxılmasını gözləyən şikayətlərə gəlincə, Xalid Ağəliyev deyir ki, Azərbaycan AİHM məkanında 6 ölkədən biridir. İlk pillədə Rusiyadır – 15050 şikayət. Türkiyədən 9250, Ukraynadan 8850, Rumıniyadan 7900, İtaliyadan 3050 şikayət baxılmasını gözləyir:
“6-cı pillədə duran Azərbaycandan göndərilən 1959 şikayət baxılmasını gözləyir. 2018-ci ildə gözləyən şikayətlərin sayı 2 mindən çox idi. Ermənistan burda da qonşumuzdur. Onlarda isə 1650 şikayət baxılmasını gözləyir”.