İsrailin müdafiə naziri Benni Qantz Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasla görüşüb.
“Haber Global”a istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin Mətbuat İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, görüş bu gecə Benni Qantz Roş Haayindəki evində baş tutub. Görüş zamanı həm təhlükəsizlik, həm də mülki sahələrdə müxtəlif məsələlər müzakirə edilib: "Görüş təxminən 2,5 saat davam edib. İsrailin müdafiə naziri Fələstin rəhbərinə etimad yaradan hərəkətlərini davam etdirməyə hazır olduqlarını bildirib".
İsraillə əlaqələrə məsul olan Fələstin Mülki İşlər İdarəsinin rəhbəri, nazir Hüseyn əl-Şeyx də tvitter hesabında Mahmud Abbasın Benni Qantzla görüşdüyünü təsdiqləyib.
Beynəlxalq ictimaiyyətin qərarları istiqamətində siyasi üfüqün açılması imkanlarının müzakirə edildiyini qeyd edən Hüseyn əl-Şeyx təhlükəsizlik, iqtisadi və humanitar mövzular, xüsusilə İordan çayının qərb sahilində yəhudi məskunlaşanların təcrübələri səbəbindən yaranan gərginliyin müzakirə edildiyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl İsrail Prezidenti İsaak Herzoq Fələstin hakimiyyətini əlaqələri yenidən qurmağa çağırıb. O bildirib ki, özünün və İsrailin müdafiə naziri Benni Qantzın Fələstinin rəhbəri Mahmud Abbasla bir araya gəlməsi münasibətlər üçün əhəmiyyətli addımdır. İsrail Prezidentinin sözlərinə görə, Fələstin rəhbərliyi ilə əlaqələr doğru addımdır və ölkəsinin təhlükəsizliyinə faydalı olacaq.