Dünən - aprelin 10-da Rusiyanın Qarabağdakı "sülhməramlı" adlanan hərbi kontingentinin himayəsində bəslənən separatçı- terrorçu rejim müstəqillik və suverenliyimizə qarşı növbəti təxribat törədərək Azərbaycan Respublikasının 6 məntəqəsində qanunsuz “seçki” keçirib.
ASmedia.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
Məlumata görə, Xocavənd rayonunun “Berdaşen” adlandırılan Qarakənd kəndində “icma başçısı”, həmin rayonun “Varanda” adlandırılan Qaradağlı, “Tsovatex”- “Zavadıx, “Norşen” –Günəşli və Sos kəndlərində, həmçinin Tərtər rayonunun “Aknaberd” adlandırılan Umudlu kəndində “icma şurasının üzvləri”nə "səs" verilib.
Separatçı-kriminal xuntanın qanunsuz "seçki" komissiyasının məlumatına görə, "seçici"lərin 49,35 faizi qeyri-qanuni kampaniyada iştirak edib.
Xatırladaq ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonun Qarakənd kəndi üzərində içərisində yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının görkəmli dövlət xadimləri və ziyalıları olan vertolyot terror aktı nəticəsində məhv edilib. Eyni rayonun Qaradağlı kəndində isə 1992-ci il fevralın 17-də erməni terrorçuları 100-dən çox soydaşımızı qətlə yetirib, kənddəki evləri isə tamamilə yandırıblar...