"Fransa Ermənistandan hücum edir, savaşı qızışdırır - General

20-03-2024, 12:46

Artıq 2 ildən çoxdur ki, Ukrayna müharibəsi davam edir. Proses başladığı zaman vurğuladığımız kimi, bu, Ukraynadan daha çox ABŞ-la, kollektiv Qərblə Rusiya arasında gedən müharibədir. Sonrakı proseslər də bunu təsdiqlədi.

Bu sözləri İDEAL-a Ukrayna müharibəsinin gedişatı haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

General müharibənin ABŞ-dakı prezident seçkilərinədək nəzarətdə saxlanacağını bildirib:

“NATO-nun genişlənməsi Rusiyanın sıxışdırılmasına xidmət edir. Bunu bir həddə qədər Moskva qəbul edə bilər, ancaq sonra daha sərt cavab verməsi mümkündür. Bunlarla yanaşı, ABŞ Fransadan müharibənin daha da uzanması üçün istifadə edir. Belə ki, rəsmi Fransa müharibəni qızışdırmaq üçün addımlar atır. Fransa Rusiya ilə az qala adı qoyulmamış müharibə halındadır və Ukraynaya ordu göndərməkdən danışır. Rusiya isə qarşılıq olaraq nüvə silahından istifadə ilə təhdid edir. Rusiyanın dar məqamda taktiki nüvə silahından istifadəsi bəlkə də mümkündür, lakin bu məsələ o qədər asan deyil. Çünki nəticə olaraq bütün dünya məhv ola bilər. Qarşıdan ABŞ-da seçkilər gəlir və bu seçkilər digərlərindən daha gərgin keçəcək. Ona görə, fikrimcə, Ukrayna və Rusiya arasındakı gərginliyin nəzarət altında saxlanılacağını düşünürəm. Hazırda Qərbin müharibənin əvvəlində olduğu kimi qarşılıqsız dəstəyi yoxdur. Digər tərəfdən ABŞ-a əlaltılıq edən Fransa Cənubi Qafqazdan Rusiyanı mühasirəyə almaq üçün Ermənistandan istifadə edir. Belə gərginliyin ABŞ-da seçkilərin nəticəsi bəlli olanadək davam edəcəyini düşünürəm. Bundan sonra isə müharibə yeni mərhələyə daxil olacaq”.


İstifadəçi paneli