Əşi, nə fərqi var, səs haradan gəlir, buradan eşit, buradan da oyna da ...
“Bəyin oğurlanması” filmində səslənən bu ifadə günümüzdə özünü başqa formada göstərir. İndi eşitdiyimiz mahnının nə olduğuna fikir vermədən qol qaldırıb, oynayırıq. Qədimdən bəri məclislərdə ifa olunan toy havalarının yerini indi iki günə populyar olan, sözlərinin mənası adamı xeyli düşünməyə vadar edən mahnılar tutub. Milli-mənəvi dəyərlərimizin bir parçası olan xalq mahnıları, toy havaları Azərbaycan toylarında niyə az ifa olunur, onlara niyə biganəyik? Ümumiyyətlə, müasir dövrdə toy üçün yazılan keyfiyyətsiz mahnıların sayı niyə artır?
Bu barədə Asmedia.azb xəbər verir ki, Modern.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev toylarda xalq mahnılarının get-gedə unudulduğunu deyir:
“Əvvəlki toylar indikilərdən daha şən keçirdi. Adətən toylar həyət evlərində, palatkalarda keçirilirdi. Toyları əsas maraqlı edən səbəblərdən biri də mahnılar idi və həmin toylarda bizim qədim xalq mahnılarımız ifa olunurdu. Xalq mahnıları da istər-istəməz insanda yüksək əhval- ruhiyyə yaradırdı.
Müasir toylarımızda isə müğənni hansısa müasir mahnı oxuyanda, demək olar ki, çoxu rəqs etmir. Amma hansısa bir xalq mahnısı ifa olunanda baxırsan ki, ortalıq adamla dolur, hamının ürəyinə yatır. Xüsusilə gənc nəsil müasir mahnılara üstünlük versə də, toylarda iştirak edən yaşlı insanlar xalq mahnılarını daha çox sevir. Yadıma gəlir, bəzi insanlar kənd toylarında “Şahsənəmi” mahnısına oynayırdılar. O da çox ağır hava idi, ayaqları yerdə sürütləyə-sürütləyə çox ahəngli rəqs yaradırdılar. “Qazı-qazı” havasına oynayırdılar, həm də “Qazı-qazı” mahnısı var idi. Yaşlı nəsil ən çox “Heyvagülü” mahnısına oynayırdı. Bu da hər iki mahnının ağır havalı olması ilə bağlı idi. Yaşlılar çox hərəkətli mahnılara oynaya bilmirdilər. İndi bu mahnılara müasir toylarda çox az rast gəlinir. Həmin mahnılar, demək olar ki, ən ucqar kəndlərdə ifa olunur, şəhər toylarında rast gəlinmir.
Məsələn, Naxçıvan toylarından misal çəkə bilərəm, orada yallılar ifa olunurdu: “Şərur” yallısı, “Təncərə” yallısı, “Köçəri” yallısı, “Qazı-qazı” yallısı. Bu, insanların birliyini göstərirdi.Toydakı bütün insanlar qadınlı-kişili əl-ələ tutub, yallı gedərdi. Bu da toyun daha rahat, daha şən keçməsinə vəsilə olurdu.
Müasir toylarda ifa olunan xarici mahnılar yaşlı nəsildə bir az əsəb yaradır. Həmin mahnıların səs-küyü onları narahat edir”.
Əpoş Vəliyev bəzi toylarda “Vağzalı” ənənəsinin yoxa çıxmağından narahatlığını da ifadə edib:
“Çox yaxşı olardı ki, gəlinlə bəy restorana daxil olanda vağzalıdan istifadə olunsun. Çünki artıq bir neçə toyda görmüşəm ki, vağzalı səslənmir. Xarici mahnı, məsələn, “Mendelson marşı” ilə toya daxil olurlar. Amma milli adət-ənənəmizi qorusaq, çox yaxşı olar. Mən xarici kanallardan birini izləyirəm . “Düğün TV” adlı bir kanal var, türklər dünyanın harasında olur-olsun, öz toylarını həmin kanaldan yayımlayırlar və mən görürəm ki, onlar öz keçmişlərini unutmayıblar. Dünyanın hansı ölkəsi olur-olsun, onlarda gəlinlə bəyin restorana daxilolma mahnısı da, rəqsləri də eynilə Türkiyədəki kimidir. Çox yaxşı olardı ki, bizdə nəinki xaricdəkilər, hətta hazırda ölkəmizdə yaşayan insanlar da toya “Vağzalı” havası ilə daxil olsun, toylarımızda qədimi xalq mahnılarımız ifa olunsun. Çünki mahnılarımızın bir çoxu ermənilər tərəfindən mənimsənilib. Ona görə mənimsənilib ki, biz öz xalq mahnılarımıza sahib çıxa bilmirik. Amma bizim “Qaragilə”, “İrəvanda xal qalmadı” kimi yaxşı xalq mahnılarımız var. Yaxşı olar ki, onların hər birini insanlar toylarda yenidən ifa etsinlər, rəqs etsinlər ki, bu mahnılar unudulmasın”.