"20 Yanvar müstəqillik yolunda atılan çox vacib addım idi"

20-01-2020, 17:40

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
 Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil, eyni zamanda bu tarix Azərbaycan istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.
 Asmedia.az xəbər verir ki, bu tarixi gün ilə bağlı politoloq Elxan Şahinoğlu sonxəbər.az-a bildirib ki, çox vacib bir gündür:
 "Həmin gün Sovet ordusu Azərbaycana, Bakıya və digər bölgələrə daxil olaraq qətliamlar törətdi. Bu qətlimalar SSRİ-nin süqutunu sürətləndirməklə, Azərbaycanın müstəqilliyini yaxınlaşdırdı. Bir daha bizə aydın oldu ki, imperiyanın tərkibində yaşaya bilmərik. Bu imperiya işğalçılıq maraqlarını qoruyur, işğalçıya dəstək verir. Ona görə də bu hadisə Azərbaycan xalqının tarixində bir başlanğıc nöqtəsi idi. Yəni, insanlar nahaqda yerə şəhid olmadılar. Müstəqillik yolunda atılmış çox vacib addım idi. Düzdür, SSRİ-də başqa ölkələrdə də belə toqquşmalar olmuşdu amma ən dəhşətlisi, həcminə görə ən böyük hadisə məhz Azərbaycanda baş verdi. Azərbaycandakı hadisəyə görə müxtəlif reaksiyalar oldu və bu da imperiyanın süqutunu sürətləndirdi. Bu hadisələrin dünya tarixində önəmli rolu oldu. Amma yenə də şəhidlər verdik, itkilərimiz çox olsa da, şərəfli gündür. Biz bu şərəfli günü əbədiyyətə qədər yaşadacağıq".


İstifadəçi paneli