Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilir.
Asmedia.az azərtac-a istinadən xəbər verir ki, səsvermə prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində canlanma müşahidə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri səs vermək üçün bu seçki məntəqəsinə gəliblər.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri səs veriblər.
Qeyd edək ki, Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində 574 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 20 namizəd mübarizə aparır.