“Xüsusilə, e-xidmətlərin keyfiyyəti və əlçatımlıq, inteqrasiya ilə bağlı doğru yanaşmalar tətbiq edilmir”.
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tədbirlər planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə nəzərdə tutulub.
Qərara əsasən, işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılıb. Belə ki, işsiz vətəndaş qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməlidir. Lakin bu gündən etibarən, birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatıb.
ASMEDİA.AZ xəbər verir ki, bu məsələ barəsində danışan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün fikrincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbulu dayandırması anlaşılan addım deyil:
“Ümumiyyətlə, bu qurumda son zamanlar qərarların qəbulunda nəsə yanlışlığa yol verildiyi müşahidə olunur. Xüsusilə, e-xidmətlərin keyfiyyəti və əlçatımlıq, inteqrasiya ilə bağlı doğru yanaşmalar tətbiq edilmir.
Halbuki məntiqlə əksinə olmalı idi. Ölkədə pandemiya ilə əlaqəli məhdudiyyətlər yenicə yumşalmağa başlayıb. Prezidentin qərarı əsasında birdəfəlik ödəmə ilə bağlı sayını üç dəfə artırdığı təbəqənin və onların yaxınlarının müraciət imkanı daha da asanlaşıb. Prezidentin atdığı addımdan nazirlik birdəfəlik ödəmə ilə bağlı onlayn müraciət imkanının hələ uzun müddət aktiv olacağını elan etməli idi.
Əgər müraciətlər çoxdursa və emal olunması problemlər yaradırsa, bu halda Nazirliyin problemin həlli üçün əlavə imkanlar axtarması, ciddi səylər göstərməsi, kömək üçün hökumətə və aidiyyatı qurumlara müraciət etməsi daha doğru olardı. Ümid edirəm ki, aidiyyatı qurumlar və cavabdeh şəxslər hazırkı vəziyyəti nəzərə alacaq”.