Kimin başına və niyə butulka atırsınız?...

8-06-2020, 21:13

Şənbə-bazar günləri ölkədə sərt karantin rejimi elan edildiyi üçün küçəyə çıxmaq qadağan olunmuşdu. Görün necə sadə cümlədir: Küçəyə çıxmaq qadağandır!
Amma bu sadə cümləni hər vəchlə mürəkkəbləşdirənlər də oldu. Söhbət karantin qaydalarına əməl etməyən vətəndaşlardan gedir. Sosial şəbəkələrdə yayılan videodan görürük ki, polis vətəndaşlara qarşı sərt tədbirlər görür. Hamı bu görüntülərə baxıb, düşüb polislərin üstünə.
Bax, vətəndaşlara nə deyildi? Adam kimi deyildi ki, küçəyə çıxmaq qadağandır, özünün, ailənin, dostlarının sağlamlığı üçün evində qal.
Vətəndaş nə etdi?
Küçəyə çıxdı.
Qardaş, sənə deyildi axı küçəyə çıxma! Yaxşı, küçəyə çıxmısan, polis qanunun tələbinə görə səni saxlayır. Niyə müqavimət göstərirsən? Müqavimət göstərib nə edəcəksən axı? Onsuz da tutub aparacaqlar, cəriməni yazacaqlar. Üstəlik, dartınmalarına, əlbəyaxana görə daha bir cinayət işləmiş olursan: polisə tabe olmamaq maddəsini də qoyacaqlar belinə!
Açığı, mən özüm də zaman-zaman polislərimiz haqda tənqidi yazılar yazmışam. Amma etiraf edək ki, indi vəziyyət başqadır: polis vətəndaşı qanuna tabe olmağa çağırıb, vətəndaş isə müqavimət göstərib.
Polis nə etməlidir? “Vağzalı” çaldırıb, qanunu pozanı rəqsə dəvət etməlidir?
Görüntülərə baxdım. Polis bəzi vətəndaşları çox sakit şəkildə aparır. Soruşuram, bəs o vətəndaşlara niyə zor tətbiq edilmir? Çünki müqavimət göstərməyiblər!
Videoda məni narahat edən yeganə şey bu idi: polis bir vətəndaşı yarıçılpaq vəziyyətdə aparırdı. Düşünürəm ki, bu, düzgün deyil. Yəni bunun yolunu tapmaq olardı. Məsələn, vətəndaşı mənzilində tabe etdikdən sonra onunla qısa fərdi söhbət aparıb, paltarının geyinməsinə kömək edib, sonra normal şəkildə aparmaq mümkündür.
Gələk ikinci məsələyə!
A kişilər, bir insanın başına zibil, butulka atmaq hansı əxlaqa sığır? Terrorçusunuz siz? Bunlar Azərbaycan polisləridir e, bizimdirlər – mənim, sənin, onun, bizim qardaşlarımızdır. Sənin atabir-anabir qardaşın olmaya bilər, ancaq o birinin qardaşıdır axı! Onların başına niyə butulka atırsan? Nə edib sənə? Torpağını zəbt edib, evini əlindən alıb?
İraq olsun, sabah quldur dəstəsi evinizə, ya şirkətinizə girib sizi əsir alsa, köməyinizə ilk onlar gələcək. Canları bahasına özlərini təhlükə atacaqlar.
Neçə gündür sosial şəbəkələrdə polislərlə bağlı xoş xəbərlər oxuyuruq: “Polis 102-yə zəng edən ailəyə çörək apardı”, “Polis karantini pozan vətəndaşa cəza yazmadı, xəbərdarlıq edib evə göndərdi”, “Polis yasa getmək istəyən istəyən şəxsi öz maşını ilə apardı”, “Polis Azərbaycan himni səslənərkən farağatda dayandı” və s.
Həmin polislərdir də! Niyə başına zibil tökürsünüz, müqavimət göstərirsiniz?
Ötən gün yaşadığım binanın pəncərəsindən həyətə baxırdım. Bəzi sakinlər küçəyə çıxmışdı. Polislər gəlib, “Xahiş edirik, evinizə gedin, karantin qaydalarını pozmayın” dedilər. Vətəndaşlar da dərhal çəkildilər evlərinə. Nə bir nəfər həbs edildi, nə kimsə müqavimət göstərdi.
Yəni sözlə başa düşəndə problem yaranmır, axı! Kim ki sözlə qanuna tabe olmur, onu zorla tabe edirlər. Dünyanın hər yerində belədir. ABŞ polisi əlil arabasında şəxsi qanuna tabe olmadığı üçün rezin güllə ilə vurmuşdu.
Birdəfəlik başa düşmək lazımdır. Vəziyyət çox ciddidir, pandemiya ölkəmizdə sürətlə yayılır, xəstəxanalarda yer yoxdur artıq. Polislər, həkimlər vətəndaşların sağlamlığı üçün gecəsini-gündüzünə qatıb xidmət edir. Bəzi vətəndaşlar isə barbar kimi yaşamağa davam edirlər. Belə bir zəruri halda 2 gün qanuna tabe olmayan insanların olduğu bir cəmiyyətdə işimiz həqiqətən də çox çətindir. İşimiz ya Allaha qalıb, ya da daha sərt və amansız qanunlara…


İstifadəçi paneli