Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti tarixi siması Xudu Məmmədovdur.
O, 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) fərqlənmə diplomu ilə başa vurub və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb.
Kristalloqrafiya, kristallokimya, quruluş mineralogiyası, simmetriya nəzəriyyəsi, quruluş təhlili sahələrində dünyada tanınmaqla bərabər, fəlsəfə, mədəniyyətşünaslıq sahələrində tədqiqatları alimə dünya şöhrəti gətirib. “Elmin Vətəni yox, alimin Vətəni olmalıdır” deyən Xudu Məmmədov uşaqların, gənclərin bu ruhda böyüməsini istəyirdi: “Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər” deyirdi.