Vətən müharibəsində döyüşərək ayağından snayperlə vurulan hərbçilərimizdən biri də gizir Əli Balayevdir. Qəhrəmanımız döyüşlərə könüllü yollandığını bildirib:
“1994-cü ildə Saatlı rayonunun Əhmədbəyli kəndində anadan olmuşam. Ailədə iki qardaşıq, kiçik mənəm. Özüm əsgəri xidmətimi Naxçıvanda başa vurmuşam. Döyüşlərə könüllü yazılmışdım və sentyabrın 21-də məni orduya çağırdılar. Biz sentyabrın 27-nə qədər təlim keçdik və ilk istiqamətimiz Füzuli rayonu oldu. Orda bir yüksəklik var idi və tapşırılmışdı ki, onu düşməndən azad edin. Həmin döyüşdə şəhid və yaralılarımız oldu, amma həmin təpəni azad etdik”.
Ə.Babayev daha sonra Qubadlı istiqamətində döyüşlərə davam etdiklərini bildirib:
“Daha sonra bizim yerimizi dəyişdilər və Qubadlı istiqamətində əməliyyata başladıq. Ərazi Füzulidən Qubadlı rayonuna keçən kəndlərdə idik. Oktyabr ayının 26-da Quruçay deyilən ərazidən keçib hücuma başladıq və mən orda snayperlə vuruldum. Bizim qrup hücuma keçəndə açıq ərazidə düşmənin plamyot və snayper atəşinə tutulduq. Dörd nəfər açıq ərazidə qaldıq və nə irəli, nə də geri çəkilmək mümkün idi. Komanda verdim ki, şəxsi heyət yerə uzansın. Məqsədim o idi ki, düşmən bizi dəqiq vura bilməsin. Düşmən plamyot atəşini saxladı və snayperlə atmağa başladı. Biz ərazidən sürünüb çıxanda məni vurdu. Ayağımda istilik hiss etsəm də, özümü itirməmişdim, sürünürdüm. Elə oldu ki, Nəsimi adlı döyüşçü yoldaşımı da ayağında iki yerdən vurdular. Ərazidən salamat çıxan iki əsgərimiz isə geri çəkilib kömək çağırmaq üçün getdilər. Amma düşmən elə atəşə tutmuşdu ki, bizi ərazidən çıxara bilmədilər”.
Qazimiz deyir ki, özümdən yox, evdə körpəsi olan döyüşçü yoldaşım Nəsimiyə nəsə olacağından narahat idim:
“Nəsimiyə dedim ki, ayağa qalx, mən də kömək edəcəm gedək. Nəsimi ailəli idi, evdə körpə qızı onu gözləyirdi. Orda fikirləşdim ki, mən subayam, amma o, ailəlidir, onu qoruyaraq ərazidən çıxarmağa çalışdım. Dedim ki, qoy mərmi atılsa, ona yox, mənə dəysin. Allaha şükür yüklərimizi atıb ikimiz də ərazidən çıxa bildik. Ərazidən çıxan kimi hərbçi yoldaşlarımız ilkin tibbi yardım göstərib bizi 5 kilometr piyada apardılar və təcili tibbi yardım maşınına mindirib hospitala yola saldılar”.
Döyüşçümüz güllənin ayağındakı sinir damarlarını zədələdiyini bildirib:
“Ayaqlarımı müayinə etdilər, amma indi həkimlər deyir ki, sinir damarları zədələnib. Həkimlərin dediyinə görə getdikcə ayağım tam düzələcək”.
Qazimiz döyüş vaxt ailəsiylə imkan olduqca əlaqə saxladığını deyib:
“İmkan olanda ailəmlə əlaqə saxlayırdım. Amma elə oldu ki, irəli gedəndən sonra bir həftə onlarla danışa bilmədim. Hətta bir dəfə ailəm Füzuliyə mənim arxamca gəlmişdi. Hospitalda əməliyyat ediləndən sonra özümə gəlib atama zəng vurub dedim ki, ayağımda zədə almışam, elə problem yoxdu, narahat olmayın. Amma bütün bulara baxmayaraq hospitala gəlmişdilər”.
Qəhrəmanımız daim döyüşlərə qatılacağı günü gözlədiyini bildirib:
“Vətən sevgisi məndən uşaqlıqdan var. Daim gözləyirdim və o ümidlə yaşayırdım ki, müharibə olsun gedim iştirak edib. Bu dəfə də kənd icra nümayəndəmizin müavini zəng vurub mənə dedi ki, sabah tezdən səfərbərliyə getməlisən, səni çağırıblar. Onda həyətdə yer şumlayırdım və beli yerə atıb dedim ki, mən hazıram. Tezdən durub taksiyə minib çıxıb getdim. Evdəkilərlə görüşüb onları kövrəltmək istəmədim. Biz ailədə iki qardaşıq və o biri qardaşım ailəlidir. Fikirləşdim ki, bizim evdən də kimsə döyüşə getməlidir. Elələri var ki, evin evin tək oğludur, amma döyüşdə iştirak edir. Bu müharibə Kəlbəcərdə, Qubadlıda, Füzulidə yox, Saatlıda da ola bilərdi. Vətənimizə canımız qurban”.