"Anama deyin ki, bəy paltarı geyinmək şərt deyil, oğluna şəhidlik də yaraşır..."

10-01-2021, 11:32

“Oğlumun şəhid olması xəbərini doğum günündə aldım. Sentyabr ayının 30-u onun həm doğum günü idi, həm də şəhidlik xəbərinin gəldiyi gündür. Neçə əsgəri ölümdən xilas etdi, amma özünü xilas edə bilmədi. Mənə deyirdi ki, torpağa sözüm var, mənə heç kim bel bağlamasın. Cəbhəyə gedəndə yaxınlarına demişdi ki, anama deyin ki, bəy paltarı geyinmək şərt deyil, oğluna şəhidlik də yaraşır” 

Bunu şəhidimiz, leytenant Həsən Quliyevin anası İradə Quliyeva deyib. Şəhidimiz 1996-cı il sentyabrın 30-da Şərur rayonunun Qarahəsənli kəndində dünyaya göz açıb. Təhsilini Heydər Əliyev adına Ali Hərbi məktəbdə alıb. Gənc zabit Talış yüksəkliyinin və Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərə qatılaraq əsgərləri ilə birlikdə şücaət göstərir və şəhid olur. Şəhidimizin anası deyir ki, oğlunun ən böyük arzusu Şuşanı görmək idi.

“Deyirdi ki, mən Şuşaya gedib, Şuşa alması yemək istəyirəm. “Ev tutub, sizi Şuşaya aparacam” deyirdi. Bu uşaqlar görmədən vətəni sevməyi insanlara öyrətdilər. Dədə Qorqudun bir sözü var, deyir, “Oğul, bir torpağı əkib-becərməsən, qorumağa dəyməz. Qorumasan da əkib becərməyə dəyməz”.. Torpaqlarımız 3 minə yaxın olan şəhidimizin qanı ilə, minlərlə qazilərimizin canı ilə alındı” deyə şəhid anası bildirib. 

Şəhidimizin atası İbrahim Quliyev oğlunu bu cür xatırlayır.
“Mənim atam da hərbçi, baş leytenant olub. Ona görə də ona atamın adını verdim. Həsən hərbçi olmağı özü seçdi, dedi ki, hərbçi olmaq istəyirəm. Telefonla danışırdıq, deyirdi ki, ata hər şey yaxşıdır! Mən oğlumla fəxr edirəm, qürur duyuram. Oğlum arzuladığı kimi vətən uğrunda şəhid oldu”  deyə atası  bildirib.

Döyüşlərdə göstərdiyi şücaətə görə şəhidimiz Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.


İstifadəçi paneli