Ermənistanın yüksək ranqlı rəsmilərinin ilin əvvəlindən xarici ölkələrin müxtəlif səviyyəli nümayəndələri ilə intensiv görüşləri davam edir. ABŞ –ın, Rusiyanın, İranın rəsmilərindən tutmuş Lüksemburq kimi kiçik ölkənin nümayəndələrinə qədər. Təbii, hər ölkə ilə danışıqların mövzusu eyni olmasa da, məqsəd ölkənin və cəmiyyətin böhrandan necə çıxarmağın yollarını axtarmaqdır.
Görüşlər müxtəlif ölkələrlə olsa da, əsas hədəf Rusiyadır və bu qarşılıqlıdır, yəni Rusiyanın da hədəfində aylardır ki, daha çox Ermənistan və Qarabağdır. İndiki hakimiyyəti istefaya göndərmək istəyən bütün Ermənistan siyasi dairələri “xilasımız Rusiyadır” şüarı ilə fəaliyyətdədirlər. “Alyans” partiyasının sədri Urixanyan Rusiya ilə ittifaq dövləti qurmağı təklif edir,”Konstitusiya hüquqları ittifaqı”partiyasının sədri, keçmiş deputat Ayk Babuxanyan “Rusiya ilə güclü Ermənistan” hərəkatı yaradıb və bu gün İrəvan küçələrində yürüş təşkil edib. Digər siyasi qüvvələrin əksəriyyəti də bu istiqamətdə çalışır və Rusiyanın simpatiyasını qazanmağa səy göstərirlər. Amma, bunların içərisində ən ağır çəkili Robert Koçaryandır.
Koçaryan böyük siyasətə qayıtdığını, Rusiyanın, konkret olaraq dostu prezident Vladimir Putinin köməyi ilə hakimiyyəti ələ keçirməyi açıq şəkildə erməni cəmiyyətinə az qala hər gün verdiyi müsahibələrdə bəyan edir. Hakimiyyətdə olsaydı müharibənin olmayacağını, olsa belə qalib gələcəyini deyən Koçaryan, ölkəni böhrandan necə çıxaracağından faktiki olaraq danışmır. Gələcək üçün bircə tezisi var: Rusiya ilə birgə hərəkət etməyin vacibliyi.
Koçaryan və başqa müxalif qüvvələrin hamısı əvvəl fevralın 18-nə, sonra 20-nə təyin etdikləri etiraz mitinqlərində Paşinyanın istefasına nail olacaqlarını güman edirlər və Rusiyanı buna inandırmağa çalışırlar. Koçaryan hakimiyyətə gəldiyi halda Konstitusiyanı dəyişib prezident üsul-idarəsinə keçəcəyinin anonsunu verib. Amma, o yaxşı bilir ki, erməni cəmiyyətinin dəstəyini Ermənistan daxilində hansısa uğurlarla qazanmaq indiki şəraitdə yetərli deyil. Uğuru yalnız Qarabağda qazanmaq olar. Məhz burda Rusiyanın dəstəyi olmadan uğur qazanmağın mümkün olmadığını ən yaxşı Koçaryan bilir, necə ki,90-cı illərin əvvəllərində Rusiyanın 7-ci Ordusunun köməyi ilə Dağlıq Qarabağı və ətraf rayonları işğal etmişdi. Daha sonra Levon Ter-Petrosyanı vaxtından əvvəl istefaya göndərib onu prezident kürsüsünə oturdanın da Rusiya olduğunu hamıdan yaxşı, elə Robik bilir. Koçaryan yaranmış situasiyada tarixi şansını qaçırmaq istəmir.
R.Koçaryan hakimiyyətə gələrsə Qarabağda hansı addımlar ata bilər? Bu gün Ermənistandan Qarabağa faktiki olaraq heç kim hərbi xidmətə göndərilmir. Mövcud hərbi hissələrin polis və ya azsaylı təhlükəsizlik qüvvələri ilə əvəzlənməsi müzakirə edilir. Bu isə perspektivdə Qarabağ ermənilərinin anklavı tərk edəcəkləri ilə nəticələnə bilər. Koçaryan isə Rusiya ilə razılaşıb ora Ermənistandan xeyli silahlı qüvvələr göndərməyə çalışacaq. Amma, bu asan başa gələ bilməz. Monitorinq mərkəzində Türkiyə nümayəndələrinin olması bu işin perspektivini mümkünsüz edir. İkinci dərəcəli humanitar addımlar, müxtəlif mədəni tədbirlərin təşkili isə əvvəlki effekti verməyəcək. Robert Koçaryanın zamanı keçib, o özü də bilir ki, Qarabağı əvvəlki status-kvoya qaytarmaq mümkünsüzdür. Nə Rusiya əvvəlki gücündədir, nə də Azərbaycan artıq zəif Azərbaycan deyil. Qarabağda Rusiyanın sülhməramlı missiyasının müvəqqəti siyasi keçid olduğunu vurğulayan Rusiya səlahiyyətlilərininTürkiyə faktorunu xüsusi qabartması artıq Koçaryana da, erməni cəmiyyətinə də Qarabağda istədiklərinə nail ola bilməyəcəkləri barədə açıq mesaj oldu. Amma, boğulan saman çöpündən yapışan kimi, düşmən də gah Baydenə, gah Putinə, gah Makrona sığınmaqla vəziyyəti dəyişəcəyinə hələ də ümidlidir. Erməni milləti daim miflərlə yaşayıb, mifik tarixlərinə inanıblar. İndi də Qarabağdakı anklavlarının müstəqilliyinə, Rusiyanın da daim sülhməramlı kimi yanlarında olacaqlarına hələ də ümid bəsləyirlər.
Bu gün situasiya nə qədər bizim üçün əlverişli olsa da, arxayınlaşmaq olmaz, çünki Qarabağın statusu məsələsi həm Rusiyanın, həm də Minsk Qrupunun köməyi ilə vaxtından əvvəl gündəmə gətirilə bilər. Rusiya ona görə erməniləri Qarabağa daşıyır ki, onlarsız Qarabağda heç bir statusla qala bilməzlər. Biz də, məhz Yuxarı Qarabağa qaçqınlarımızı köçürməsək, ermənilərin status müzakirələrinə rəvac vermiş olacağıq. Azərbaycanın mövqeyi bu istiqamətdə bəlli olsa da, beynəlxalq təzyiqi nəzərə alıb bəri başdan zəruri olan diplomatik hərəkətə keçmək lazımdır. İlk növbədə 10 noyabr bəyanatına əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tamam çıxarılması, azərbaycanlı qaçqınların Yuxarı Qarabağa köçürülməsi, Laçın dəhlizi istiqamətində dövlət sərhədinin nəzarətə götürülməsi və paralel olaraq Azərbaycan Konstitusiyasından irəli gələn bütün müddəalar həyata keçirilməlidir.
Azərbaycan tezliklə Yuxarı Qarabağda görəcəyi işlərlə bağlı rəsmi şəkildə mövqeyini bildirməlidir. Rəsmi mövqenin bildirilməsi düşmənə təsir edəcək və onlara aydın olacaq ki, Qarabağda status-kvo bir daha uzun müddətə dondurulmayıb.