Vətən müharibəmizin növbəti qəhrəman şəhidlərindən biri də Vüqar Mübariz oğlu Əmrahovdur.
Biz şəhidlərimizin döyüş yolundan bəhs edən silsilə yazılarımıza davam edirik:
Vüqar 1994-cü ildə Tovuz rayonunda Xatınlı kəndində anadan olub. 2002-ci ildə Rusiya Federasiyasının Tula şəhərində 66 saylı məktəbin 1-ci sinfinə gedib. 5-ci sinifə kimi Tulada təhsil alan Vüqarın, 2006-cı ildə valideynləri Azərbaycana köçüb. O, orta təhsilini başa vurduqdan sonra 2014-cü ildə hərbi xidmətə yollanıb.
2016-cı il Şanlı aprel döyüşləri zamanı Lələ təpə uğrunda gedən döyüşlərdə Vüqar sağ bud nahiyyəsindən güllə yarası alaraq hospitala yerləşdirilib. Əməliyyat olunub, səhhəti düzələndən sonra yenidən ordu sıralarına qayıdıb. Daha sonra isə ordu sıralarından tərxis olunub.
Vüqar 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı yoldaşlarıyla birlikdə Əlibəyli, Ağdam kəndlərindəki hərbçilərimizə yardımlar aparıb. General Polad Həşimovun şəhid olmasından sonra o, ordu sıralarına yazılıb. Vüqar müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmət etməyə başlayıb. Vətən müharibəsi zamanı Murov dağı istiqamətində döyüşlərə başlayıb. Oktyabrın 1-də anasıyla son telefon danışığı olub. Daha sonra əmisi oğlu Eminlə danışaraq deyib ki, “indi döyüşə giririk, amma evdəkilərə heç nə demə. Mənə bir şey olsa, evdəkilər sənə əmanət”.
O, döyüşlər zamanı itkin düşür və yalnız dekabrın 24-də Vüqarın şəhid xəbəri gəlir. Dekabrın 25-də isə Vüqar böyük izdihamla dəfn edilir. Vüqarın özündən sonra bir bacısı yadigar qalıb. Anasına çox bağlı olub Vüqar. Hətta deyib ki, “Türkiyədə kurs keçib işimi böyüdəcəm”. Vüqar 86 gün itkin düşəndə kənd camaatı ona qurban deyir, amma çox təəssüf ki, onun şəhid xəbəri gəlir.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!