Xəbər verdiyimiz kimi sabah, martın 5-də bir müddətdir ki, həbsdə qalan iş adamı Mübariz Mənsimovun məhkəmə prosesi keçiriləcək. Bildirili ki, İstanbul Baş prokurorluğu M.Mənsimovun təxliyəsini istəyib. Sosial şəbəkədə isə M.Mənsimovun sabah məhkəmin qərarı ilə azadlığa çıxacağı bildirilərək, insanlar sevinməyə başlayıblar.
Əməkdar artist Baloğlan Əşrəfov yayılan xəbərlərə münasibət bildirib və əvvəl gündən M.Mənsimovun azadlığa çıxması üçün Allaha dualar etdiklərini deyib:
“Hər şeyin yüz faiz doğru olduğuna inananda nəsə deyə bilərəm. Təki yaxşı xəbər olsun, bu hamımızın arzusudur, gecə-gündüz Allaha yalvarırıq. Amma sabah ağızdan çıxan sözün nəticəsindən sonra hər şey aydın olacaq. Onsuz da əvvəl gündən hamımız arzu edirik, Allaha yalvarırıq ki, təki Mübariz bəy azadlığa çıxsın. Hər şey rəsmi şəkildə elan olunandan sonra bilinəcək. Mənim deməyimlə heç nə düzgün ola bilməz. Yaxşı bir nəticə olandan sonra hamı kimi mən də sevinəcəm”.
Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupunun rəhbəri M.Mənsimov ötən ilin mart ayında İstanbul Baş Prokurorluğunun qərarə ilə həbs edilib. Türkiyə mətbuatı isə yazdığı xəbərdə onun Fətullah Gülənlə bağlı aparılan istintaq işinə görə saxlandığını bildirib.