İranın Ermənistandakı səfiri Azərbaycanla sərhədə gəldi

4-08-2021, 09:34

İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri, səfirliyin hərbi attaşesi polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Qeqarkunik bölgəsinə səfər ediblər.

ASmedia.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi hissənin komandiri, general-mayor Arayik Arutyunyan səfirə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib, bundan sonra Yuxarı Şorja sərhədinə səfər təşkil edilib.

İranın Ermənistandakı səfiri iki ölkə arasındakı sərhəd mübahisələrinin davam etməsindən narahatlığını ifadə edərək, hər iki tərəfdən təmkinli olmağın və iki ölkə arasındakı mübahisələrin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. O, son toqquşmalarda şəhid olan hərbçilərin ailələrinə başsağlığı verib.

Bütün tərəflərin beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmətlə yanaşmalarına ehtiyac olduğunu izah edən səfir Zohuri, Cənubi Qafqazda yerli sülhün təmin edilməsinin bölgə xalqlarının maraqlarına uyğun olduğunu və İran İslam Respublikasının bölgədə sülhün bərqərar edilməsinə kömək etməyə hazır olduğunu ifadə edib.



Məlumat üçün bildirək ki, İran tərəfinin 44 günlük Vətən müharibəsində Ermənistana yardım etməsi ilə bağlı qeyri-rəsmi məlumatlar çoxdur. Heç də sirr deyil ki, bu iki ölkə arasında maraqlar var və İran xüsusilə Ermənistana qarşı həssas yanaşma sərgiləyir. Bundan bir müddət əvvəl Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərini ABŞ və Fransadan olan həmsədrlər də ziyarət etmişdi.


İstifadəçi paneli