“Binamızda 3 aydır ki, qanunsuz olaraq isti suyu kəsiblər. Yüzə yaxın ailə ilin bu vaxtı isti suya həsrət qalıb. Şikayət edirik, problemimizi həll edən yoxdur”.
Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş binanın sakini, I qrup əlil Vüqar Xəlilov müraciət edərək, yaşadığı bina 2012-ci ildə istismara verilib və hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansındadır. Sakinlər soyuq və isti suya görə ayrılıqda ödəniş edirlər: “Biz bu binaya köçəndə isti suyun bir kub metri 40 qəpik idi. Sonra 1.92 manata qaldırdılar. Ötən il isti suyun ödənişində problem yarandı, bina sakinlərinin borcu 21 min manata çatmışdı. İsti suyun verilişini bir müddət dayandırdılar, sakinlərin şikayətindən sonra bərpa olundu, amma kub metri 2.90 manata qaldırılıdı. Hazırda binada isti suyun kub metri 3.35 manatdır. Bu, Tarif Şurasının qərarına uyğun deyil, çox absurd qərardır. Ölkədə suyun, benzinin qiyməti 1 manatdır, amma biz isti suya görə 3.35 manat ödəməliyik. Təsəvvür edin ki, bunun soyuq suyu var, qazı, işığı, digər kommunal xidmət haqları var. Biz əlillər 200-300 manat pensiya ilə o boyda ödənişi necə edək?”
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC problemi belə əsaslandırıb: “Qanunda nəzərdə tutulub ki, göstərilən xidmətin dəyəri abonentlər tərəfindən növbəti ayın sonunadək ödənilməlidir. Ödənilmədiyi halda təchizat da dayandırıla bilər”.
“Binaya verilən isti suyun tariflərinə yenidən baxıla bilərmi?” sualına gəlincə isə, “Azəristiliktəchizat” rəsmisi bildirib ki, hazırda bu məsələ müzakirə mövzusu deyil: “Əksinə, biz o tarifi müəyyən edəndən sonra təbii qazın və elektrik enerjisinin də qiyməti qalxıb. Biz çalışırıq ki, məhdudlaşdırmaya getməyək. Amma ödəniş olunmadığına görə məcbur qalıb təchizatı dayandırırıq. Bu, bizim iradəmizdən asılı deyil”.