Azərbaycanlı həkim Almaniyada ilkə imza atdı

17-11-2021, 11:08

Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Elvin Hüseynov tərəfindən allergik bronxopulmonal kandidiaz (Allergic bronchopulmonary candidiasis) xəstəliyinin Almaniyada ilk dəfə dəqiq və düzgün diaqnozu ilə bağlı tibbi yenilik rəsmi olaraq elmi konfransda təqdim edilib. 
 
Həkim Elvin Hüseynov Köln şəhərində keçirilən Bronxoektaziya Simpoziumunda bu günə qədər dünyada rəsmi olaraq cəmi 150 dəfə elmi ədəbiyyata daxil olmuş allergik bronxopulmonal kandidiaz (Allergic bronchopulmonary candidiasis) xəstəliyinin diaqnozunu qoyduğu pasiyentə dair təqdimatla çıxış edib.
 
Bu barədə E.Hüseynov bildirib ki, Almaniyada bu xəstəliyin ilk dəfə rəsmi olaraq diaqnozu qoyulur, elmi ictimaiyyətə təqdim edilir və bunu edən bir azərbaycanlı həkim kimi tarixə düşmək qürurvericidir. 
 
O, bu xəstəlikdə tətbiq etdiyi effektiv off-label müalicə haqqında indiyə qədər heç bir elmi tədqiqatda məlumatın olmadığını vurğulayıb. Deyib ki, bu müalicə taktikası özlüyündə dünyada bir ilkdir.
 
Qeyd edək ki, tədbirdə çıxışdan sonra Almaniyanın ağciyər xəstəlikləri üzrə dünyaca tanınmış mütəxəssisləri E.Hüseynovu bu böyük uğur münasibəti ilə təbrik edib və bunun həqiqətən Almaniyada bir ilk olduğunu təsdiqləyiblər. 
 
Bu, Azərbaycan tibb tarixində gənc azərbaycanlı həkimin Almaniyada qazandığı böyük uğurlardandır. 
 
Onu da əlavə edək ki, E.Hüseynov Almaniyanın Köln şəhərindəki "Augustireninnen" Xəstəxanasının ağciyər xəstəlikləri, allerqologiya, süni tənəffüs və yuxu təbabəti klinikasının şöbə müdiri, aparıcı mütəxəssisidir.


İstifadəçi paneli