Texnologiya donuz üzərində sınaqdan keçirildi
Con Hopkins Universitetinin (ABŞ) mütəxəssisləri STAR adlı cərrah-robot hazırlayıblar. Smart Tissue Autonomous Robot - bədənin yumşaq toxumaları ilə işləmək üçün ağıllı avtonom robot deməkdir. Görünür, “star” sözünün ingilis dilindən tərcümədə "ulduz" mənasını verməsi heç də təsadüfi deyil.
Asmedia.az “Science Daily” nəşrinə istinadla xəbər verir ki, tibbin parlayan ulduzu müstəqil şəkildə cərrahiyyədə ən mürəkkəb və incə işlərdən birini - bağırsağın iki ucunu birləşdirməyi və ya anastomozu yerinə yetirib. Bu prosedur yüksək dəqiqlik tələb edir. Əllərin ən kiçik titrəməsi və ya yanlış tətbiq olunan tikiş xəstə üçün fəlakətli nəticələrə səbəb ola bilər.
"STAR dörd heyvan üzərində əməliyyat həyata keçirib və nəticələr eyni proseduru yerinə yetirən insan-cərrahların işindən əhəmiyyətli dərəcədə yaxşı olub", - deyə tərtibatçılardan biri Aksel Kriger bildirib.
Texnologiya donuz üzərində sınaqdan keçirilib. Mütəxəssislərin fikrincə, yumşaq toxuma cərrahiyyəsi robotlar üçün gözlənilməzliklərinə görə xüsusilə çətin olur və bu, onları gözlənilməz maneələrə tez uyğunlaşmağa məcbur edir. STAR insan-cərrah kimi real vaxt rejimində müalicə planını tənzimləyə bilən idarəetmə sistemi sayəsində tapşırığı uğurla yerinə yetirib.