“Doğrudan da Ağdam camaatı düz fikirləşib bu müracəti edib. Otuz il idi ki, o torpaqların həsrətiylə yaşayırdıq və indi də o yerlərə ildə bir dəfə getməklə olmur. Heç olmasa özlərinə təsəlli vermək üçün insanlarımız ildə bir neçə dəfə gedib, o yerlərin ətrini qoxlasınlar, bulağının suyundan içsinlər”
Bunu Asmedia.az -a açıqlamasında Birinci Qarabağ döyüşlərinin iştirakçısı, Əməkdar artist Cabir Abdullayev deyib. Muğam ifaçısı hər bir kəs üçün doğulduğu yerin əziz olduğunu bildirib:
“Hamı üçün doğulduğu yer çox əzizdir. Dünyanın harasına getsən də yenə o torpaq, su, hava səni çəkir. İnşallah yəqin ki, əvvəlki Ağdamda necə yaşayırdılar, insanlarımız o illəri yenidən yaşayarlar. Allahdan arzu edirəm ki, bu ömrü o torpaqlarda hamıya yaşatsın. Düzdü, torpaqlarımız işğalda olanda insanlarımızın çoxu yurd həsrətiylə dünyasını dəyişdilər, vətən həsrətini ürəklərində apardılar. Bu gün isə torpaqlarımızın işğaldan azad olunmasını insanlarımız gördülər və arzu edirəm ki, o gözəl günləri gedib Ağdamda yaşasınlar.
Mən də ad günümdə Ağdama getmək istəyirdim, amma səhhətimdə problemlər oldu və gedə bilmədim. Amma qarşıdakı aylarda o yerlərə getmək planım var. Əsas odur ki, torpaqlarımız işğaldan azad edilib və hər bir çiçəyi, gülü belə dirçəlib. Vətənimizi hamımızın ürəyi istəyir. Tək ağdamlılar yox, başqa rayonun camaatı da Ağdama gəlib bizim qonağımız olsunlar”.
Qeyd edək ki, bundan sonra işğaldan azad edilmiş ərazilərə hər kəs istədiyi qədər səfər edə biləcək. Artıq hər istiqamət üzrə ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb. Qərar vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq verilib. Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə biləcəklər.
Xatırladaq ki, ilkin mərhələdə vətəndaşlara hər istiqamət üzrə ildə bir dəfə səfər etmək məhdudiyyəti qoyulmuşdu.