Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən 50,1 milyard dollar azalıb.
Asmedia.az xəbər verir ki, nüfuzlu Bloomberg agentliyi rusiyalı zəngin iş adamlarının yeni reytinqini hesablayıb.
Reytinq milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanıb. Ümumilikdə Bloomberg-in reytinqinə dünyanın ən zəngin 500 adamı daxildir.
Hazırda siyahıda Rusiya Federasiyasının 22 vətəndaşı var. Onların ümumi sərvəti aprelin 1-nə 299,47 milyard dollar təşkil edib.
Məlum olub ki, son vaxtlar Rusiyada sərvəti ən çox azalan iş adamı əslən azərbaycanlı - “Lukoyl”un ortaq sahibi Vahid Ələkbərovdur. Onun varidatı 17,4 milyard dollar azalıb. Ələkbərovun zənginlər arasında 4 qat yoxsullaşdığı bildirilir.
Hazırda Rusiyanın ən varlı adamı Norilsk Nikel-in əsas sahiblərindən biri olan Vladimir Potanindir. O, bu ilin əvvəlindən 1,47 milyard dollar yoxsullaşıb, indiki sərvəti 29,4 milyard dollar təşkil edir.
Novatek-in ortaq sahibi Leonid Mixelsonun sərvəti də nəzərəçarpacaq dərəcədə azalıb. 4,9 milyard dollar itirən Leonid Mixelson hazırda 27,5 milyard dollara sahibdir. O, rusiyalı zənginlər arasında ikinci yerdədir.
Üçüncü yerdə sərvəti 5,7 milyard dollar azalaraq 23,1 milyard dollar düşən “Severstal”ın əsas sahibi Aleksey Mordaşovdur.
Reytinqdə dördüncü yerdə sərvəti 4,97 milyard azalaraq 23 milyard dollar olan NLMK benefisiarı Vladimir Lisindir.
Beşinci yeri Əlişir Usmanov (“Metalloinvest”, “Megafon”un sahibi) tutur, ilin əvvəlindən onun sərvəti 1,5 milyard dollar azalıb, hazırda 19,8 milyard dollar səviyyəsindədir.
Siyahıda altıncı yerdə sərvəti 152 milyon dollar artaraq 17,6 milyard dollara çatan Evroxim və SUEK-in benefisiarı Andrey Melniçenkodur.
Yeddinci yerdə ilin əvvəlindən sərvəti 1,42 milyard dollar azalaraq 17,1 milyard dollarф düşən “Renova”nın əsas sahibi Viktor Vekselberqdir.
Səkkizinci yerdə “Novatek” və “Sibur” şirkətlərinin səhmlərinə sahib olan Gennadi Timçenko 6,03 milyard itirib. Onun hazırkı varidatı 16,4 milyard dollar təşkil edir.
Siyahıda doqquzuncu yerdə Roman Abramoviç (Evraz) qərarlaşıb, onun sərvəti ilin əvvəlindən 3,6 milyard dollar azalaraq, 14,4 milyard dollara düşüb.
İlk onluğu ailəsi Polyus şirkətinə nəzarət edən Süleyman Kərimov qapayır - onun sərvəti 884 milyon dollar azalaraq, 14,3 milyard təşkil edib.