Cəlilabaddakı məktəb niyə uçub? - RƏSMİ CAVAB

1-04-2022, 12:47

Cəlilabadda uçqun qeydə alınan Musalı kənd məktəbinin şagirdlərinin təhsillərini harada davam etdirdikləri açıqlanıb.
 
Asmedia.az xəbər verir ki, Cəlilabad Rayon Təhsil Şöbəsindən Azedu.az-a verilən məlumata görə, hazırda şagirdlər qonşu Zəhmətabad kənd məktəbində təhsil alırlar.
 
RTŞ-nin məlumatına görə, hadisəyə səbəb güclü qar yağması olub:
 
“19 mart 2022-ci ildə ölkə ərazisində yağan güclü qar nəticəsində Cəlilabad rayon Musalı kənd orta məktəbinin bir hissəsi yararsız hala düşüb. Həmin tarixdən 28 marta kimi iş günü olmadığı üçün biz 1 və 4-cü sinifləri, həmçinin, məktəbəhazırlıq qruplarını qonşu kənd olan Zəhmətabad kənd tam orta məktəbinə köçürmüşük. Şagirdlər hazırda tədrisi burada davam etdirirlər. Məktəbin bir hissəsi  öncədən də yarasız halda idi, bununla bağlı 1 noyabr 2021-ci ildə 5 və 11-ci sinif şagirdləri  köçürülüb. Sadəcə, ibtidai siniflər  binanın qəzasız olan hissəsində tədrislərini davam etdiriblər. Hazırda şagirdlər 1 kilometr məsafəni qət etməklə qonşu kənd olan Zəhmətabada dərsə gedirlər".
 
Rəsmi məlumata görə, baş verən hadisə ilə bağlı Təhsil Nazirliyi və İcra Hakimiyyəti orqanı xəbərdardır.
 
Qeyd edək ki, Musalı kənd tam orta məktəbi 1969-cu ildə palçıq və taxta konstruksiyalardan tikilib. Bu vaxta qədər heç bir əsaslı təmir işləri aparılmayıb. Uçqundan əvvəl təhsil müəssisəsində təhsil alanların sayı 196 nəfər təşkil edib. Lakin məktəbin binasının qəzalı vəziyyətdə olması səbəbindən şagirdlərin hamısı burada tədrisə cəlb olunmayıb.


İstifadəçi paneli