Prezident İlham Əliyev “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 sentyabr tarixli 591-VIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” 2011-ci il 16 fevral tarixli 384 nömrəli, “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 1 iyul tarixli 463 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 88; 2013, № 4, maddə 374; 2016, № 10, maddə 1629; 2018, № 7, maddə 1502; 2019, № 4, maddə 631) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.3-cü bənddən “, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri çıxarılsın və həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 4.4-cü bənd əlavə edilsin:
“4.4. həmin Konstitusiya Qanununun 82.2-ci maddəsində “rəsmi internet informasiya ehtiyatı” dedikdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin informasiya ehtiyatı nəzərdə tutulur.”.
2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 626; 2017, № 2, maddə 170; 2018, № 10, maddə 2015) ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin 5.2-ci bəndindən “, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri çıxarılsın və həmin bənddə “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikası Audiovizual” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 sentyabr tarixli 591-VIKQD nömrəli Konstitusiya Qanunundan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə“ Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 610-VIQD nömrəli Qanununun tətbiqi və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 794; 2013, № 11, maddə 1340; 2014, № 12, maddə 1569; 2017, № 1, maddə 60, № 8, maddə 1521; 2018, № 9, maddə 1840; 2022, № 5, maddə 475; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 avqust tarixli 1784 nömrəli Fərmanı) 4.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“4.3. həmin Qanunun 34-2.0-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:
4.3.1. Qanunun 34-2.0.1-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
4.3.2. Qanunun 34-2.0.2-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
4.3.3. Qanunun 34-2.0.3-cü maddəsinə münasibətdə – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
4.3.4. Qanunun 34-2.0.4-cü maddəsində nəzərdə tutulan hava, su (Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində və Azərbaycan Respublikasının Berbout-çarter Reyestrində qeydiyyata alınmış) və dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, texnoloji nəqliyyat vasitələri, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 2-ci hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, digər nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
4.3.5. Qanunun 34-2.0.5-ci və 34-2.0.6-cı maddələrinə münasibətdə – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
4.3.6. Qanunun 34-2.0.7-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;
4.3.7. Qanunun 34-2.0.8-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
4.3.8. Qanunun 34-2.0.9-cu maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
4.3.9. Qanunun 34-2.0.10-cu maddəsində nəzərdə tutulan kənd təsərrüfatı texnikasına münasibətdə – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, digər nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə“ Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 610-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. İcbari Sığorta Bürosuna tövsiyə edilsin ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 34-2-ci və 34-4-cü maddələrinə əsasən aidiyyəti qurumların informasiya ehtiyatlarının və sistemlərinin əlaqələndirilməsi, həmin ehtiyat və sistemlərdə olan sənədlərin, habelə informasiyanın qanunla müəyyən edilmiş qaydada əldə edilməsi, elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunması və istifadəçilərin onlardan istifadəsinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin edilməsi üçün tədbirlər görsün.