Ukraynalı deputatdan Fransa Senatına etiraz: “Qarabağ Azərbaycandır!”

17-11-2022, 11:31

“Qarabağ Azərbaycandır, Cənubi Osetiya və Abxaziya Gürcüstandır, Dnestryanı Moldovadır, Krım və Donbas isə Ukraynadır!”.

Bunu Ukrayna Ali Radasının “Avropa Həmrəyliyi” Partiyasından olan deputatı Vladimir Ariyev Fransa senatının anti-Azərbaycan qətnaməsini pisləyərkən özünün Facebook səhifəsində yazıb.

Vladimir Ariyevin sözlərinə görə, Fransa Senatı açıq şəkildə ermənipərəst və anti-Azərbaycan qətnamə qəbul edib.

Deputat bildirib ki, Avropa İttifaqı (Aİ) daxilində proseslər hazırda birmənalı deyil və təəssüf ki, artıq Ukraynadakı vəziyyətlə bağlı da spekulyasiyalar etməyə cəhdlər var.

V.Ariyev qeyd edib ki, Fransa Senatındakı müzakirələr zamanı bəziləri Ermənistanı Ukrayna ilə müqayisə edərkən bir böyük fərqi unudublar:

"Rusiya Ukraynanı bütövlükdə məhv etməyə çalışır, Azərbaycan isə beynəlxalq aləmdə özünün ərazisi kimi tanınan torpaqlara nəzarəti bərqərar edir.

Belə çıxır ki, Fransa Senatında özümüzü təcavüzdən müdafiə edən bizi işğalçı ilə bərabər tutmağa çalışırlar!
AŞPA-nın 2017-ci ildə müəllifi olduğum qətnaməsində qeyd olunan, dəyişməz qalan mövqeyimi bir daha xatırladıram: Dağlıq Qarabağ Azərbaycan, Cənubi Osetiya və Abxaziya Gürcüstan, Dnestryanı Moldova, Krım və Donbas isə Ukraynadır. Biz torpağımızı qoruyuruq və qoruyacağıq”.

V.Ariyev bildirib ki, Azərbaycanla Ermənistan arasındakı münaqişənin sülh yolu ilə nizamlanması Ukraynaya hücumdan xeyli əvvəl başlayan prosesdir və Azərbaycanın Dağlıq Qarabağdakı aktiv fəaliyyəti Ukraynaya genişmiqyaslı işğaldan əvvəl başlanıb.

“Ona görə də Dağlıq Qarabağ ətrafında sülh prosesinin pozulmasını Ukrayna ilə əlaqələndirmək cəhdi manipulyasiyadır”.

V.Ariyev onu da vurğulayıb ki, Azərbaycanın rəsmi qurumları Fransa Senatının qərəzli qətnaməsinə qarşı ciddi əks tədbirlər görməlidir, əks halda tendensiyanın inkişafı olacaq.


İstifadəçi paneli