Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması prosesini əngəlləyən yeni problem yaranıb və bu problemin də adı var: Ruben Vardanyan. Rusiyanın ən varlı adamlarından biri bu il Cənubi Qafqazda Rusiyanın “maraqların”a qarşı çıxıb, Rusiya vətəndaşlığından imtina edib və orada separatçılıq əhval-ruhiyyəsini qızışdırmaq üçün qanunsuz olaraq Azərbaycan ərazisinə - Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonaya köçüb.
Bunu rusiyalı analitik Andrey Petrov deyib.
O bildirib ki, şənbə günü Vardanyan zərərli funksiyasını nümayiş etdirib:
“Məlum olduğu kimi, dekabrın əvvəlində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada Ermənistan vətəndaşları və xarici şirkətlər tərəfindən qanunsuz mədən hasilatı faktları qeydə alınıb. Bununla əlaqədar Azərbaycanın aidiyyəti nazirlikləri, eləcə də “AzerGold” öz mütəxəssislərini rus sülhməramlıların komandanlığı ilə görüşmək üçün Xocalıya göndərib. Onlar Qızılbulaq və Dəmirli yataqlarında Azərbaycanın əmlakına və ətraf mühitə dəymiş ziyanı qiymətləndirməli idilər. Monitorinq şənbə günü günorta başlamalı idi, lakin azərbaycanlı ekspertlər yataqlardan birinə gələndə onları aqressiv separatçılar izdihamı qarşılayıb. Rusiya sülhməramlılarının komandanlığı monitorinqin başlanması ilə bağlı razılığın yerinə yetirilməsi üçün heç bir tədbir görməyib və Ruben Vardanyan Azərbaycan departamentlərinin nümayəndələrinin qarşısına çıxıb. Vardanyan bəyan edib ki, danışıqlar sülhməramlılar ilə deyil, İrəvanın Qarabağdakı separatçı layihəsinin “dövlət naziri” kimi şəxsən onunla aparılmalıdır. O özünü Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirmə zonasında avtoritet elan edib. Azərbaycanın ekologiya, iqtisadiyyat nazirlikləri və “AzerGold” şirkətinin mütəxəssisləri onunla əlaqə saxlamaqdan imtina edərək Şuşaya qayıdıblar. Monitorinq pozulub. Vardanyan Azərbaycanın Qarabağ iqtisadi rayonunun sakini deyil. O, İrəvanda doğulub və milyard dollarını Rusiyada qazanıb. Onun Qarabağ erməniləri adından danışmağa haqqı yoxdur, çünki Vardanyan onlara yaddır. Onun da Laçın dəhlizi ilə Azərbaycana daxil olmaq hüququ yox idi, çünki bu yolda xüsusi rejim Azərbaycanın sərhəd nəzarətindən yan keçərək Xankəndiyə getmək istəyən hər kəsə şamil edilmir, yalnız Qarabağ ermənilərinə şamil edilir. O, ancaq Ermənistanın millətçi dairələrində və erməni diasporunda mövcud olan “müharibə partiyası” adından danışa bilər. Bu gün Qarabağda rus sülhməramlıların arxasında gizlənən Vardanyan məhz “müharibə partiyası”nın maraqlarını ifadə edir”.
Petrov qeyd edib ki, Vardanyanın Qərbin sanksiyalarına düşməmək üçün Rusiya pasportundan imtina etdiyi hər kəsə məlumdur:
“İrəvan təbii ki, ona məmnuniyyətlə Ermənistan pasportunu verdi. Bu, aydındır, istənilən erməni Ermənistan pasportunu əldə edə bilər, amma “müharibə partiyası” onu dərhal Azərbaycana göndərdi. Partiya tapşırığı: Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə və dövlətinə inteqrasiyasının qarşısını almaq, İrəvanla Bakı arasındakı sözün əsl mənasında münasibətlərin normallaşması istiqamətində hərəkatı dayandırmaqdır. Rubenin Xankəndidə qanunsuz aksiyalar təşkil etmək üçün pulu, açıq-aşkar əlaqələri və ən əsası İrəvan və Bakının dinc yanaşı yaşamaq barədə razılığa gəlməsinə mane olmaq istəyi var. 44 günlük Vətən müharibəsi illərində Ruben Rusiyanın ali rəhbərliyinə hərbi əməliyyatlara müdaxilə çağırışı ilə müraciət yazaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpasını “faciə” adlandırmışdı. İki il ərzində onun dünyagörüşündə heç nə dəyişməyib. Vardanyanın Qarabağa səfərinin təkcə ideoloji deyil, həm də bayağı maliyyə tərəfi var. Yenə də hansısa əməlindən qazanc əldə etməyə öyrəşmiş iş adamından söhbət gedir. Ruben separatçıların “dövlət naziri” postu vasitəsilə Azərbaycanın indi qanunsuz işlənməsini dayandırmağa çalışdığı qızıl, mis və molibden yataqlarına çıxış əldə edib. Bu, onun Ermənistan-Azərbaycan nizamlanmasının gecikdirilməsi və separatçı layihənin ayaqda saxlanması üzərində işləmək motivasiyasını artırır: layihə bağlanana qədər Ruben Vardanyan heç bir vergi ödəmədən ona aid olmayan şeylərdən pul qazana bilər”.
Analitik qeyd edib ki, qəbuledilməz bir vəziyyət yaranıb:
“Xarici casus Vardanyan və onun səyyar təxribatçılar truppası Ermənistanla Azərbaycanın mövcud razılaşmaların həyata keçirilməsi istiqamətində irəliləyişinə və ya sadəcə olaraq sağlam düşüncəyə mane olur. İndi sadə vətəndaşlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirilmə zonasına gələndə onları Qarabağa heç bir aidiyyəti və Azərbaycan torpaqlarında qalmaq hüququ olmayan qanunsuz mühacir Vardanyan qarşılayacaq. Onun Xankəndidə olması sadəcə olaraq cinayətdir, cinayətkarlarla heç bir danışıqlar aparılmır. Sanksiya müddətində hardasa oturmağa ehtiyacı olan Vardanyan kimi İrəvanın da separatizm və qisas üçün kənar dayaqlar axtarmaqda israrlı olması yalnız bir istiqamətə aparır: yeni Ermənistan-Azərbaycan müharibəsinə. Bu isə Rusiyanın Cənubi Qafqazdakı maraqları ilə ən ciddi ziddiyyətə girir. Ruben Bakı-İrəvanın münasibətinə mane olmaqla Rusiyanın maraqlarına zidd addım atır. O, nəinki ölkəsinin mənafeyi naminə işləməkdən imtina edib, indi dəbdə olduğu kimi, qonşu dövlətə “köçüb”, həm də geosiyasi gərginliyin ən həssas nöqtələrindən birində Rusiyaya qarşı destruktiv fəaliyyətlə məşğul olur. Bir milyard dollar ehtiyatı olan bir şəxsin Xankəndidə olması Rusiyanın xarici siyasəti üçün real problem yaradır. O, iki il ərzində Rusiyanın vasitəçiliyi ilə əldə edilən bütün irəliləyişə xələl gətirir. Bu vəziyyət onun müvəqqəti yerləşdirildiyi zonadan yeni vətəninə - Ermənistana deportasiya məsələsini gündəmə gətirir. Sülhməramlılar Rubeni Azərbaycandan çıxarmağa qadirdir. O, orda olana qədər Qarabağda sülh yox, müharibəyə hazırlıq gedir”.