"Binə” Ticarət Mərkəzində araşdırma aparılıb və müəyyən edilib ki, müxtəlif rayonlardan gəlmiş sərnişin avtobusları mərkəzin ərazisinə daxil olmaqla, oradan yenidən sərnişinləri toplayaraq müxtəlif ünvanlara çatdırmaqla qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olurlar. Bir sıra nəqliyyat vasitələrinə Şirvan şəhər avtovağzalından verilmiş arayışda da təyinat nöqtəsinin "Binə” Ticarət Mərkəzi olması qeyd olunub.
Bütün bu işlər isə "Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə "Arazaviya" MMC olan şirkətin adı ilə görülüb.
O da məlum olub ki, "Binə” Ticarət Mərkəzindən kənar saxlayan sürücülərin sərnişindaşıma fəaliyyətinə mane olurlar. Onlara yalnız yüksək "yer haqqı” ödəməklə Ticarət Mərkəzinin daxilində fəaliyyət göstərməyə icazə verilir.
"Binə” Ticarət Mərkəzi ərazisində sərnişin daşıma fəaliyyəti göstərən avtobuslara nəzarət edən Ağa adlı şəxsdən xeyli sayda sürücü dövlət qurumlarına şikayət ərizəsi ünvanlayıb. Artıq "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nin əməkdaşları sözügedən avtovağzalın fəaliyyətinin dayandırılması üçün iş aparır.
Agentliyin vəzifəli şəxsi bildirib ki, hazırda da müxtəlif rayonlardan gəlmiş sərnişin avtobusları "Binə” Ticarət Mərkəzinin ərazisinə daxil olmaqla, öz qanunsuz fəaliyyətlərini davam etdirirlər. Həmin əraziyə daxil olmaq üçün ancaq müvafiq nəzarət-buraxılış məntəqəsindən keçmək mümkündür.
"Binə” Ticarət Mərkəzi ərazisində icazə olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olduğu müəyyən edildiyindən, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsinə əsasən, 1 sentyabrda protokol da tərtib edilib.