Əliyevin Nikola verdiyi son şans… - Petrov

27-12-2022, 11:31

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa getmişdilər. Əsas tədbir çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə Moskva-Bakı-İrəvan üçtərəfli görüşünün təşkil oluna biləcəyi gözlənilirdi, lakin görüşdən bir gün əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov belə bir danışıqların olmayacağını bildirdi.
Bunu rusiyalı analitik Andrey Petrov deyib.
Onun sözlərinə görə, indiki şəraitdə görüşün niyə baş tutmadığı aydındır - rəsmi İrəvan destruktiv mövqe nümayiş etdirir:
“Sentyabr ayından Ermənistan hakimiyyəti bəyan edir ki, onlar sülh müqaviləsini mümkün qədər tez imzalamaq istəyirlər, hətta ilin sonunadək sülhə imza atmağa hazırdırlar, amma indi ilin sonudur və heç bir məhsuldar addım atılmayıb.
Ümumiyyətlə, bugünədək rəsmi İrəvan dirçəlmək üzrə olan Ermənistan-Azərbaycan münasibətlərini qaranlığa sürükləməyə çalışır”.
Petrov qeyd edib ki, Ermənistan hakimiyyəti azərbaycanlı fəalların Qarabağın təbii sərvətlərinin Ruben Vardanyan tərəfindən talanmasına qarşı dinc etirazlarını bəhanə edərək, Moskva-Soçi danışıqlar platformasını da bağladı:
“Son anda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşmək üçün Moskvaya səfərini ləğv edib və bu barədə Rusiya XİN-ə rəsmi məlumat belə vermədi. Tərəflər Bakı ilə İrəvan arasında sülh müqaviləsi layihəsini müzakirə etməyə hazırlaşırdılar və nəticədə Lavrov və Bayramov bu sənədi birlikdə müzakirə etdilər. Yekun mətbuat konfransında Sergey Lavrov Ermənistanın bu cür təxribatçı fəaliyyəti, o cümlədən Rusiya sülhməramlılarının Azərbaycanda gördüyü işlərə olan kinayəli şərhlərinin Moskvanı nə qədər qıcıqlandırdığını diplomatik dillə açıqladı. Keçən həftə həm Nikol Paşinyan özü, həm də parlamentin spikeri Alen Simonyan bəyan etdilər ki, sülhməramlılar öz vəzifələrini yerinə yetirmir. Hazırda Laçın yolu ilə yalnız humanitar yüklər daşıyan avtomobillərin hərəkəti mümkündür.
Paşinyan və komandası məhz bundan narazıdır: Moskva İrəvana Qarabağ ermənilərini Azərbaycanda yeni müharibəyə hazırlamağa mane olur. Bədxah, perspektivsiz, mənasız, uşaqlıq, dəlilik - bütün bunlar müasir İrəvanın siyasətini təsvir etmək üçün əlverişlidir. Məhz Rusiyanın səyləri nəticəsində Qarabağ müharibəsi dayandırıldı və beləliklə, Xankəndi ətrafında qalan 20 min erməni işğalçı xilas edildi”.
Putrov Ermənistanın iki ildir Xankəndiyə silah-sursat və hərbi qulluqçular daşıdığını, eyni zamanda özünü Qarabağ məsələsindən getdikcə daha da uzaqlaşdırdığını xatırladıb:
“Bu payız İrəvan hətta Qarabağdakı separatçı layihəni “xarici” idarəçiliyə – sanksiyalar təhlükəsi üzündən Rusiya pasportundan imtina edən və qanunsuz qızıl və mis-molibden hasilatını bərpa etmək üçün Qarabağa gələn qaçaq milyarder Ruben Vardanyana təhvil verib. Bütün bu müddət ərzində həm Paşinyan, həm onun tərəfdarları, həm də erməni ddiasporu hər küncdə Azərbaycana qarşı ittihamlar səsləndirirdilər, özləri isə sabotajla məşğul oldular.
Ermənistan Putin, Əliyev və Paşinyanın 9-10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatına əsasən, bütün hərbi qüvvələrini Qarabağdan çıxarmağa borcludur, lakin hələ də onları Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada saxlayır. Həmin sənədə görə, o, Rusiya FTX-nin nəzarəti altında Zəngilanla Naxçıvan arasında maneəsiz əlaqə yaratmalıdır, lakin bunu etməyəcəyini bəyan edir. Ona görə də Cənubi Qafqaz üçün il Ermənistandan maskanın sifətindən düşməsi ilə başa çatır. Erməni səlahiyyətliləri nə deyirlər desinlər, öz xalqlarının xeyrinə belə heç nə etmək istəmirlər”, - o bildirib.
Analitik qeyd edib ki, Ermənistan Bakı ilə sülh müqaviləsi bağlamaq istəmir:
“Ermənistan-Azərbaycan sərhədini delimitasiya etmək istəmirlər, Qarabağdakı separatçı layihəni bağlamaq istəmirlər, Azərbaycan və Türkiyə ilə kommunikasiyalarını açmaq istəmirlər. Görünür, onlar Ermənistanın qarşıdan gələn 2023-cü ildə sehrli şəkildə 2019-cu ilə daşınmasını istəyirlər, çünki Nikol Paşinyan və komandasının davranışında müharibədən sonrakı reallıqların qəbulu belə görünmür. Ancaq bu çılğınlığa heç kim dözməyəcək. Mirzoyansız Lavrovla Bayramov arasında keçirilən eyni görüşdə rusiyalı nazir il ərzində görülən bütün diplomatik işləri sadalayaraq açıq şəkildə “Hazırda bu razılaşmaların praktiki icrasını daha da ləngitmək üçün heç bir səbəb yoxdur” dedi. Bu, Cənubi Qafqazın mərkəzi oyunçusunun rəsmi mövqeyidir. Rusiyaya lazımdır ki, Ermənistan regionda Rusiyanın maraqlarına zərər vurmağı dayandırsın və Azərbaycanla sülh əldə etsin.
Böyük ehtimal ki, Vladimir Putinin Nikol Paşinyanla MDB çərçivəsindəki təkbətək söhbəti də məhz bundan ibarət olub. Rusiya lideri Ermənistanın Baş nazirinə Yeni il ərəfəsində özünə gəlməyi, ətrafdakılara və özünə zərər verməmək üçün şans verəcəyini bildirə bilər.
Ən əsası da Rusiya lideri görüş zamanı Üçtərəfli Bəyanatın Ermənistan tərəfindən yerinə yetirilməyən müddəaları bir daha Paşinyana xatırladıb.
Bəs, Paşinyan nəyi seçəcək, Putin və Əliyevin ona verdiyi son şansdan istifadə etməyi, yoxsa?..”


İstifadəçi paneli