Azərbaycan Dəmir Yolları QSC-dən vətəndaş şikayəti

12-03-2023, 00:19

Vətəndaş Raziyə xanım Asmedia.az-a Azərbaycan Dəmiryolları QSC-dən şikayət edib. Şikayəti təqdim edirik:

İstəyirəm təcrübə etdiyim biabırçılığı mümkün qədər çox insana duyurmaq və bunu mümkün qədər uzun müddət gündəmdə saxlamaqla vətəndaşları vaxt itkisi və boşa ümid bağlamaqdan əlimdən gəldiyi qədər sığortalayım. Xahiş edirəm ki, ətrafınızın da bu cür korporativ mədəniyyəti olmayan dövlət müəssisələrindən qorunması üçün bu paylaşımın altına rəyinizi, reaksiyanızı qoymaqla mənə yardımçı olasınız. Kənardan normal və ciddi müəssisə kimi görünən Azərbaycan Dəmir Yolları / Azerbaijan Railways əslində daxilində belə nizam-intizamı tənzimləyə bilməyən, rəhbərlik dəyişimi ilə bütün proseslərin çaxnaşmaya düşdüyü sistemsiz bir yerdir! Belə ki, 6 yanvar 2023-cü il tarixində sözügedən dövlət müəssisəsinin İnsan Resursları rəhbərinin şəxsi Linkedin hesabından paylaşdığı "Korporativ Kommunikasiyalar üzrə mütəxəssis" vakansiyasına müraciət etmişəm. 31 yanvar tarixində müəsissənin işəqəbul qaydalarına əsasən imtahan mərhələsindən uğurla keçmiş və 8 fevral tarixində müəssisənin marketinq və insan resursları əməkdaşlarının müşayiəti ilə müsahibə mərhələsindən keçmişəm. 20 fevral tarixində mənə İşəqəbul şöbəsindən vakansiya üçün uyğun olduğum və sənədlərimi baş ofisə təqdim etməyimlə bağlı zəng və müvafiq sənədlərin göstərildiyi siyahının əks olunduğu e-poçt gəldi. Buna əsasən 21 fevral tarixində tələb olunan sənədləri ADY-nin baş ofisinə təqdim etdim və işəqəbul prosesi üçün gərəkli olan anketi doldurdum. Sənədlərimin qəbulundan bu günə qədər insan resursları əməkdaşlarından bir neçə dəfə prosesin hansı mərhələdə olduğu ilə bağlı məlumat almağa çalışsam da, əməkdaşlardan hər hansı dəqiq məlumat ala bilməmişəm. Yalnız bu gün 2 aydan artıqdır ki, bu məsələyə görə iş axtarış prosesimi dayandırdığımı və insan olaraq bir çox ehtiyaclarım olduğunu xatırlatdıqdan sonra mənə zəng gəldi və bildirildi ki, struktur dəyişməsi səbəbilə Korporativ Kommunikasiyalar şöbəsinə işəqəbul prosesi dayandırılıb. Təsəvvür edin ki, bir DÖVLƏT müəssisəsi öz vətəndaşına qarşı nə qədər məsuliyyətsiz yanaşır və daxili işlərinin çarxlarını o qədər şəxslərə asılı vəziyyətdə saxlayır ki, struktur dəyişməsi (rəhbərlik) işə qəbul qəbul prosesinin aylarla çəkməsinə, dayandırılmasına və nəhayətdə buna laqeydliklə "proses dayandırılıb" deməsinə şərait yaranır, üstəlik bu da öz arasıkəsilməz sorğum nəticəsində. Yəni mən bu gün yazıb vəziyyəti dəqiqləşdirməyə çalışmasam, mənim vaxtımın yeyilməsinə davam ediləcəkdi! Ən xırda müəssisələrdə belə bu cür qeyri-ciddi, qeyri-peşəkar yanaşmaya rast gəlməmişəm!


İstifadəçi paneli