Fondda vəsait olmasa,“Günay Bank”da əmanətləri qaytarmaq üçün AMB-yə müraciət edilə bilər?

22-05-2023, 12:30

Mayın 17-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib. 

“Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edib. 

 “Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bank olub. Bank tərəfindən fonda təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edib. Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.

Bəs “Günay Bank” ASC-nin əmanətçilərinin vəsaitlərinin qaytarılması prosesi nə zaman başlayacaq?

Azərbaycan Mərkəzi Bankından AS.median-ın sorğusuna cavab olaraq bildirilib ki, “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən, sığortalanmış əmanətlər üzrə kompensasiyalar Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilir:

“Fond sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir.

Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra yeddi təqvim günü ərzində mediada kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Eyni zamanda fond müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, kompensasiyaların ödənilməsi üçün agent bankı seçir və kompensasiya ödənişlərini həmin bank vasitəsilə həyata keçirir”.

AMB-dən qeyd edilib ki, “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən, fondun sığorta ehtiyatları bir sıra mənbələrdən, o cümlədən iştirakçı bankların üzvlük haqları, iştirakçı bankların təqvim haqları, kompensasiyaların ödənilməsi üçün çatışmayan məbləğdə alınmış borc vəsaitləri, reqress qaydasında tələb hüququ ilə bankdan alınan vəsaitlər hesabına formalaşır:

“Eyni zamanda, kompensasiyaların ödənilməsi üçün vəsait çatışmadıqda və ya belə halın baş verməsi ehtimalı yarandıqda fondun icraçı direktoru tərəfindən fondun Himayəçilik Şurasına məlumat verilir və Himayəçilik Şurası fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edir. 

“Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən, fond borc vəsaitinin alınması üçün Mərkəzi Banka müraciət etdikdə Mərkəzi Bank fonda dövlətin zəmanəti ilə təmin olunmuş kredit verə bilər. Mərkəzi Bank belə müraciətin daxil olduğu günün sonrakı iş günündən gec olmayaraq, müraciətin daxil olması barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verir.

Müvafiq icra hakimiyyəti orqanı 10 iş günündən gec olmayaraq, dövlət zəmanətinin verilməsi barədə qərar qəbul edir. Dövlət zəmanətinin verilməsi barədə qərara müvafiq olaraq 10 iş günündən gec olmayaraq Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə fonda kredit verir”.

Qeyd edək ki, bu il aprel ayının 1-nə olan hesabatında bankın ümumi depozitlərin həcmi 108 milyon 566 min manata bərabər olub. 

Hesab dövrünün rəqəmlərinə görə bankda olan 70 milyon manat əmanətin taleyi məlum deyil.



İstifadəçi paneli