Tanınmış hakimin vəziyyəti pisləşdi - İşlərini dayandırdı

16-06-2023, 11:54

Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İlqar Qılıcovun səhhətində problem yaranıb.

Asmedia.az  xəbər verir ki, İ.Qılıcovun icraatında olan bütün işlər xəstəliyi ilə əlaqədar başqa hakimlər arasında bölüşdürülüb. Hakim həkim tövsiyəsi ilə müvəqqəti olaraq vəzifəsinin icrasını dayandırıb, hazırda müalicə olunur.

Qeyd edək ki, 57 yaşlı İlqar Qılıcov 17 ildir ən üst instansiyada hakim kimi fəaliyyət göstərir.

O, bu günə qədər bir çox səs-küylü məhkəmə işləri ilə bağlı yekun qərarlar qəbul edib. Son olaraq Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə məhkum edilmiş Yunis Səfərov və digərlərinin, Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərovun da işi onun icraatına verilmişdi. İ.Qılıcov eyni zamanda "Tərtər işi" ilə bağlı sonradan bəraət alan hərbçilərlə bağlı ittihamedici hökmü də qüvvədə saxlayan hakimdir.

İlqar Qılıcov 2001-2005-ci illərdə Milli Məclisin deputatı olub.

Onun qardaşı Kamal Qılıcov Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisidir.

Azərbaycan Prezidentinin 2023-cü il 11 fevral tarixli sərəncamı ilə İlqar Qılıcov “Tərəqqi” medalı ilə təltif edilib.


İstifadəçi paneli