Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycana gəlməsi Qarabağ müharibəsinin ilkin illərinə təsadüf edir. Bakıda ofis açan bu təşkilat ilk günlərdən müharibə edən dövlətlər arasında əsir və itkin düşmüş, girovluqda olan şəxslərin səhhəti və geri qaytarılması ilə məşğul olmağa başlamışdı. Etiraf edirəm ki, köməklik də ediblər.
Asmedia.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev bölüşüb.
Alim 1994-cü ildə Qırmızı Xaçın sənədli film hazırladığını xatırladıb
“Kadrlarda əsasən erməni əsirliyində olan yaşlı qadınlar və uşaqları çəkiblər. Əsir və girovluqda olan kişilər barədə heç bir kadr yoxdur. Bunu bilərəkdən edən Komitə əməkdaşları niyə o illərdə əsir və girovluqda olan mülki və hərbi şəxslərin (kişilərin) kadrlarını çəkməmişdi ? Səbəb bəlli idi, ermənilərə təzyiq edib bu şəxsləri geri almaq maraqlarının, bəlkə də tapşırıqlarının olmasından.
Kadrlara fikir verin. Maşınların belində aparılanlar, binaların qarşısında duranlar, otaqlarda olanlar və yerdə oturanlar hamısı əsirlikdə olanlardır. Qırmızı Xaç bunların hamısını geri qaytardımı? Xeyr. Kadrlarda görsənən xanımlardan biri Gülcamal Quliyeva adlı azərbaycanlıdır. Kəlbəcərdə əsir düşüb. Hamilə idi. Onun işi yaralı azərbaycanlı əsirlərə xidmət etmək idi. Hamilə Gülcamal barəsində Qırmızı Xaç məlumatlı idi. O qadın Arzu Hacıyev adı uşaq dünyaya gətirir. Uşaq Komitənin siyahısına düşür. Sonra uşaq Aida Serboryan adlı “həkim” əlinə verilir və 2003-cü ilə qədər onun üzərində tibbi eksperimentlər aparılır. Nəticədə Arzu dünyasın dəyişir. Necə oldu ki, komitənin siyahıya aldığı uşaq belə tibbi işgəncələrə məruz qaldı?
Yaxud bu kadrlarda olan uşaqların hamısının taleyi barədə niyə məlumat verilmir?”
Dosent xatırladıb ki, əsir və girovluqda olanlar Qırmızı Xaç və Qızıl Ayparadan onları yoxlamağa gələnlərin üzlərinə belə baxmadıqlarını təsdiq edirlər:
“1992-ci ilin mart ayında soyuq havada qəfəsdə saxlanılan Xocalı sakinlərinin lüt və əl-ayaqları bağlı halda gördükdən sonra niyə onlara kömək etmədi bu qurumlar?
Rusiyada 2017-ci ildə Qırmızı Xaç Komitəsinin ofisi böyük miqdarda pul toplayıb Qarabağda işğalçı rejimə yardım edəndə niyə Bakı ofisi susdu?
Daha bir fakt: 1994-cü ildə əsirlikdə olan 23 azərbaycanlının hamısı Qırmızı Xaç Komitəsinin siyahısında yer alıbmış. Ona görə də ermənilər məcbur qalaraq öldürülən 8 nəfərin nəşini Azərbaycana təhvil verməli oldu. Onlar iddia edirdilər ki, sözügedən şəxslər guya qaçış zamanı öldürülüb. Ancaq Böyük Britaniyanın Dandi Universitetinin pataloqu Derrik Paunder bu iddiaları təkzib edən faktları sadalayıb. O bildirib ki, öldürülənlərin üzərində işgəncə izləri var idi. Onların altısı birbaşa başlarından atəş açılaraq öldürülmüşdü. Öldürülən üç nəfərlə bağlı təkzibedilməz dəllilər isə ondan ibarət idi ki, tapançanın lüləsi onların başlarına dirəndikdən sonra atəş açılmışdı. Əsgərlərdən biri yaxın məsafədən sinəsinə atəş açılaraq öldürülmüşdü...
Qırmızı Xaç Komitəsi bunu niyə beynəxalq səviyyəyə qaldırmadı?
Qarabağda əsir düşərgələri barədə məlumatları olan Komitə bunlar haqda niyə məlumat vermədi?
Yüzlərlə azərbaycanlı əsirin orqanları çıxarılıb satıldı, Komitə bunları bilə-bilə niyə susdu?
Hələ 8 il öncə Kəlbəcər işğalda olan zaman Zod yatağından onlara təqdim etdiyimiz elektron qandalla burda işlədilən azərbaycanlı əsirlər barədə niyə araşdırma aparmadı Komitə? Biz konkret onların saxlanıldığı dəmir çənləri də göstərmişdik. Niyə susdu Komitə?
İrəvanda boynunda zəncir dizi üstə saxlanılan azərbaycanlılar barədə türk sürücü gördüklərini danışmışdı. Komitə niyə dərhal işə keçmədi?
Faciəli Daşaltı əməliyyatından sonra bir gündə dəfn edilən 90-dan çox azərbaycanlı hərbçinin meyitinin yerini bilən, üstlərindən çıxan sənədlər üzrə qeydiyyat aparan Komitə niyə indiyə qədər, hətta bu gün ora azad olunmasına baxmayaraq, siyahını təqdim etmir? Kütləvi məzarlığın yerini göstərmir?
Çox sual vermək olar, səbəbini deyim: 2016-cı ildə Avstriyada Komitənin nümayəndəliyinin belə qərarı olmuşdu: “Donor kimi türk və müsəlmanlardan qan almayın, bu qan murdardır və xristianlara və yəhudilərə vurula bilməz”.
Məncə, bu, Komitənin tam iç üzünü göstərir və Ermənistandan bu Komitənin maşınları içərisində Qarabağa qanunsuz malların aparılması onu sübut edir ki, bu təşkilatın məqsədi vasitəçi və yardımçı olmaq deyil, müsəlmanlara qarşı xristian erməniləri dəstəkləmək və səlib yürüşünün müasir formasını həyata keçirməkdir”.