Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 180 ölkə arasında 29,47MB/S sürətlə 116-cı yerdə qərarlaşıb.
ASMedia “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu may və aprel ayı ilə müqayisədə dəyişiklik olmamasını göstərir.
Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (247,29 MB/S), sonuncu yeri isə Kuba (1,96 MB/S) tutub.
Məlumata görə, ölkəmiz iyunda mobil internetin sürətinə görə 140 ölkə arasında 40,39 MB/S sürətlə 59-cu yerdə qərarlaşıb. Bu isə aprelə nisbətən 3 pillə geriləmə deməkdir.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (200,24 MB/S), sonuncu - 140-cı yeri isə Əfqanıstan (2,38 MB/S) tutub.
Bundan başqa, iyunda Bakı şəhəri mobil internetin sürətinə görə 6 pillə geriləyərək 42,42 MB/S sürətlə 169 şəhər arasında 78-ci yerə sahiblik edib.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 258,32 MB/S sürətlə Qətərin Ər-Rəyyan şəhəri, sonuncu yeri isə 1,31 MB/S sürətlə Sudanın Xartum şəhəri tutub.
Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 30,92 MB/S sürətlə 136-cı pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 273,05 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,89 MB/S sürətlə sonuncu olub.