Sumqayıtda ətraf mühiti çirkləndirən vəzifəli şəxslər cərimələnib.
Bu barədə ASMedia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Tədbiri zamanı şəhərin “Yaşıl dərə” yaşayış massivində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları polis əməkdaşları tərəfindən aşkar olunub.
Həmçinin Samur-Abşeron su kanalını məişət tullantıları və çirkab suları ilə çirkləndirən şəxslər də inzibati məsuliyyətə cəlb ediliblər.
Sumqayıt şəhərinin qeyd edilən ərazisində keçirilən tədbir zamanı ümumilikdə 15 fiziki və vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 271-ci ( sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 244-cü (torpaqların zibillənməsi və korlanması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması) və 266.4-cü (tutumların (urnaların) yerləşdirilməsi zamanı məsafənin nəzərə alınmaması) maddələrinin tələblərinə uğun olaraq cərimə edilib.
“Sənaye və məişət tullantılarının qalaqlanması, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması hallarına qarşı polis əməkdaşları tərəfindən son günlər respublikanın hər bir bölgəsində bu cür tədbirlər keçirilir. Bildirmək istəyirik ki, bu iş mövsümi və kompaniya xarakteri daşımır. Sadalanan neqativ halların qarşının alınması və ölkəmizdə mövcud olan ekoloji təhlükəsizlik mühitinin qorunması məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcəkdir”, - məlumatda qeyd olunub.