Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşüb.
İDEAL MEDİA.az-ın məlumatına görə, bu barədə prezidentin köməkçisi özünün “X” hesabında paylaşımında bildirib.
O, 23 saat 51 dəqiqə davam edən lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən beynəlxalq humanitar hüquqa ciddi əməl olunmasının və bütün vasitələrlə zərərin qarşısının alınmasının təqdir edildiyini bildirib.
“Ermənistan baş nazirinin də etiraf etdiyi kimi, mülki şəxslərə zərər dəyməyib. Bununla əlaqədar Avropa İttifaqı, Fransa və Almaniya rəsmilərinin yoxlanılmamış və qeyri-ciddi bəyanatları anlaşılmaz olaraq qalır.
BQXK ilə görüşdə bildirdik ki, dərman, ərzaq və digər malların BQXK tərəfindən Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları vasitəsilə çatdırılması üçün bütün lazımi şərait yaradılıb və təmin ediləcək.
Azərbaycan tərəfi BQXK vasitəsilə erməniəsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya onlara kömək etməyə hazırdır. Müraciət nəticəsində yaralı hərbçilərin toplanması üçün BQXK-nın tibbi maşınlarının hərəkətinə dəstək verilir. Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq.
Ermənistana tibbi təxliyə üçün tibbi maşınlar Ermənistandan da gələ bilər.
Meydanda qalan döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır.
Biz BQXK-nın Cenevrə ofisindən əlavə heyətin qəbulunu dəstəkləyirik. Həmçinin, Bakı ofisindən Xankəndi şöbəsinə əlavə heyətin göndərilməsinin tərəfdarıyıq.
Könüllü və fərdi seçim əsasında Xankəndi-Laçın yolu ilə mülki şəxslərin şəxsi avtomobilləri ilə hərəkətinin təhlükəsizliyini təmin edirik. Getmək istəyənlər, əsasən, hərbi qulluqçuların ailə üzvləridir.
Könüllü surətdə silahı yerə qoyan hərbçilər, açıq şəkildə bəyan etdiyimiz kimi, azaddırlar.
Mülki-hərbi əməkdaşlıq konsepsiyası çərçivəsində Azərbaycanın hərbi və mülki şəxsi heyəti mülki şəxslərə yardım edir və bundan sonra da edəcək”, - deyə Prezidentin köməkçisi qeyd edib.