Bakıda qadın hüquqlarına dair bəyannamə qəbul olundu

20-11-2023, 22:25

Azərbaycanın Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi dəstəklənib.

İDEAL xəbər verir ki, bu barədə Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Bakıda keçirilən konfransının bəyannaməsində qeyd olunub.

Konfrans iştirakçıları həmçinin qonaqpərvərliyə və noyabrın 20-21-də Qoşulmama Hərəkatının qadınların hüquqlarının təşviqi üzrə ilk konfransına ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildiriblər.

Bəyannamədə, həmçinin gələcəkdə Qoşulmama Hərəkatının proqramı kimi insan hüquqlarının və qadınların səlahiyyətlərinin artırılmasının daha da inkişaf etdirilməsi öhdəliyi bir daha təsdiqlənib və qadınların inkişafı və onların hüquqlarının həyata keçirilməsi sahəsində problemlərin həlli üçün siyasi iradə bir daha təsdiqlənib.

Konfrans iştirakçıları həmçinin qadınlara qarşı zorakılığın bütün formaları tamamilə aradan qaldırılana qədər səyləri birləşdirməyə və mübarizəni davam etdirməyə sadiq olduqlarını bir daha təsdiq ediblər.

Qeyd edək ki, Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində irəli sürdüyü üçüncü təşəbbüsdür. Azərbaycanın təşəbbüsü ilə həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı da yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu format Qoşulmama Hərəkatının beynəlxalq aləmdə imicinin daha da yüksəldilməsi üçün nəzərdə tutulub.


İstifadəçi paneli