Bu gün – 7 dekabr Ermənistanda baş verən dağıdıcı zəlzələnin 35-ci ildönümüdür.
İDEAL xəbər verir ki, bununla bağlı anım tədbirlərinə Ermənistan artıq bir neçə gündür start verib. Ermənistan parlamenti də bugünkü iclasına zəlzələ qurbanlarını anımla başlayıb.
7 dekabr 1988-ci ildə, saat 11:41-də Ermənistanda, Spitakda 7,2-8,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar 30 saniyə çəkib. Zəlzələ nəticəsində 25 mindən çox erməni ölüb, 140 min insan əlil olub.
Bu zəlzələ Ermənistanın sənaye potensialının 40 faizini sıradan çıxarıb, ümumilikdə 13 milyard rubl (1988-ci ilin rus rublu) ziyan dəyib.
Qeyd edək ki, zəlzələdən zərərçəkənlərə yardım üçün Azərbaycandan göndərilən heyəti aparan təyyarə müəmmalı şəkildə qəzaya uğramış və xilasedicilərin böyük əksəriyyəti ölmüşdü. Azərbaycanın göndərdiyi yardım təyyarəsinin ermənilər tərəfindən qəsdən vurulduğu haqda ciddi sübutlar var.
Bu zəlzələ Ermənistanda öz dədə-baba torpaqlarında yaşayan azərbaycanlıların doğma yurdlarından qovulduğu günlərə təsadüf edirdi. Ermənistandan bu ərəfədə 256 min azərbaycanlı qovulub.
Spitak zəlzələsinin 35-ci ildönümündə Azərbaycanda 5,6 bal gücündə zəlzələ baş verməsi isə sosial şəbəkələrdə bəzi ehtimallara yol açıb.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov saytımıza açıqlamasında deyib ki, burda hansısa süni amil istisnadır:
“Bu tarixlərin üst-üstə düşməsi sırf təsadüfdür. Azərbaycanda il ərzində minə qədər zəlzələ baş verir. Neft hasilatı ilə məşğul olan dövlət zəlzələ ilə toqquşur. Yer kürəsində, əsasən də Sakit okeanda il ərzində 80 minə qədər zəlzələ olur. Azərbaycan da Xəzər dənizinə yaxın olduğu üçün zəlzələlər bizdən yan keçmir. Bu səbəbdən bu gün baş verən zəlzələni 7 dekabr 1988-ci il tarixində Ermənistanda baş verən Spitak zəlzələsi ilə əlaqələndirmək olmaz. Bu, sadəcə təsadüfdür”.