Qaydasız döyüş (M.M.A.) üzrə Respublika çempionu, Dünya ikincisi Səbuhi Rzayev ASMEDİA.az informasiya agentliyinin redaksiyasının qonağı olub.
Özünüzü təqdim edin:
Rzayev Səbuhi İlham oğlu. 14 iyun 2004-cü ildə Qobustan qəsəbəsində dünyaya gəlmişəm. 321 saylı tam orta məktəbin 10-cu sinif şagirdiyəm.
Döyüş meydanına yenicə atılsan da böyük uğurların müəllifinə çevrildin.
Əvvəllər fərdi qaydada öz üzərimdə çalışsam da dünya çempionu Azad Əsgərovun sayəsində sərhədçilər idman kompleksində noyabrın 8-9-da keçirilən qran-pri yarışmasında dünya ikincisi, 22 dekabr açıq Bakı birinciliyində Respublika çempionu oldum. Növbəti yarış paytaxt Bakıda 1 fevralda keçiriləcək.
İdman sferasında ən böyük arzun?
Olimpiya çempionu olmaqdır. Peşəkar məşqçi kimi tələbələr yetişdirib, Xalqıma xeyir verməkdir.
Ölkəmizdə bütün çempionlar sonradan polis sisteminə keçirilib, Xalqın bəlasına çevrilirlər. Dövlətdən lazımi pul aldıqdan sonra ənənəvi məğlubiyyətə məhkum olurlar. Münasibətiniz necədir?
Mən yalnız idman sahəsində xidmət etmək istəyirəm. Bəzi çempionların utancverici hərəkətlərindən hamı kimi mən də məlumatlıyam. Ancaq çox istərdim ki, çempionlar polis sisteminə deyil, Müdafiə Nazirliyi sisteminə daxil olub, torpaqlarımızın işğalından azad olunması üzrə düşmənə də sarsıdıcı zərbələr endirsinlər.