Azərbaycanlı karateçi Rafael Ağayev Tokio 2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.
Avstriyanın Zalsburq şəhərində keçirilən Premyer Liqa yarışında medal qazana bilməsə də, keçirdiyi iki görüşdə qazandığı qələbə (və bir tur azad olunmaya görə də qələbə hesablanır – S.M.) idmançımıza Tokio Olimpiadasında iştirak etmək üçün imkan yaradıb.
Hazırda 75 kq çəki dərəcəsi üzrə Olimpiya reytinqində 6795 xalla üçüncü sırada olan Rafael Ağayevə Zalsburqdakı yarışda finala çıxmış ukraynalı Stanislav Qorunanın çatması mümkünsüzdür. 4957,5 xalla altıncı sırada olan II Avropa Oyunlarının qalibi Zalsburqda, həmçinin bundan sonrakı yarışlarda (Rabat Premyer Liqası və Bakıda keçiriləcək Avropa çempionatı) qızıl medal qazansa belə, Rafaeli keçə bilməyəcək.
Bu, karate millimizin Olimpiadaya ikinci vəsiqəsidir. Daha əvvəl +61 kq çəki dərəcəsində dünya çempionumuz İrina Zaretskaya Dubaydakı Premyer Liqa yarışından sonra Olimpiadaya vəsiqəni rəsmiləşdirmişdi.
Bununla da Azərbaycandan Olimpiadaya gedəcək idmançıların sayı 14-ə çatıb.
Digər 11 idmançı bunlardır: Marina Nekrasova, İvan Tixonov (idman gimnastikası), Zöhrə Ağamirova, qrup hərəkətləri üzrə komanda (hər ikisi bədii gimnastika), Anna Skidan (atletika: çəkicatma), Maksim Şemberev (üzgüçülük), Ruslan Lunyov (güllə atıcılığı), Mariya Stadnik, Şərif Şərifov (hər ikisi güləş), Elçin Əsədov (şose velosipedi), Milad Beiqi (taekvondo), Nazim Babayev (atletika: üç təkanla tullanma).