Bakıda yerli şirkətlərin məhsullarından və xidmətlərinden ibarət sərgi keçiriləcək
Biznes tərəfdaşlığı sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq bu ilin 20-22 fevral tarixlərində Bakı İdman Sarayında sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsullarından ve xidmətlərindən ibarət sərgi keçiriləcək.
Asmedia.az "Economics"-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov fevralın 1-də KOBİA, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” ASC və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə biznes tərəfdaşlığına həsr olunmuş “Partners and Business” mövzusunda keçirilən tədbir zamanı söyləyib.
Qeyd olunub ki, sərgidə 150-dək yerli şirkətin iştirakı nəzərdə tutulur.
Yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və bu istiqamətdə müzakirələrin aparılması məqsədilə təşkil olunmuş “Partners and Business” tədbirində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 600-a yaxın sahibkarlıq subyekti iştirak edib.
Tədbirdə çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) nümayəndəsi Nərmin Mirzəyeva, "Kapital Bank” ASC-nin nümayəndəsi Fərid Hidayətzadə, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev ölkəmizdə sahibkarlığın inkişafı, bu sahədə həyata keçirilen tədbirlər, biznes tərəfdaşlığının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində uğurlu fəaliyyətinə görə bir sıra sahibkarlıq subyektləri mükafatlandırılıb, eləcə də kiçik ve orta sahibkarlığa dəstək, biznesin inkişafı, korporativ sosial məsuliyyət, sahibkarlığın inkişafında bankların rolu, şərikli biznes mövzularında panel müzakirələr keçirilib.