Fədayənin yaşadıqları: "Cəzamı çəkdim..."

13-11-2019, 02:08

"Səhər gəldilər dedilər ki, hazırlaş və çıx get. Ailəm gəlib qarşılamalı idi, hamı buna hazırlaşmışdı. Amma çatdırmadılar. Mən də qapıdan çıxıb, taksiyə oturub, evimə gəldim. Yolda da bacıma zəng etdim ki, gəlirəm. Bilirdim ki, media nümayəndələri də gələcək. Amma əlimdən nə gəlir, get dedilər, getdim. Özüm də təəccübləndim, həyəcanlandım ki, niyə belə etdilər? Ailəm də şok oldu ki, necə belə tez buraxdılar. Bacım, anam və oğlum Buzovnadakı evə yığışmışdı ki, birlikdə gəlib məni qarşılasınlar. Gəldim evə ki, xalalarım, qohumlarım, qonşularım məni gözləyir".Bu sözləri Axşam.az-a müsahibəsində bu gün azadlığa buraxılan müğənni Fədayə Laçın deyib. Səhər saatlarında 1 saylı Bakı İstintaq Təcridxanasından evə buraxılan sənətçi sualları cavablandırıb:
- Hisslərimi ifadə edə bilmərəm, çox xoşbəxtəm. Oxumaq üçün də ürəyim partlayırdı. Allah heç kimə ayrılıq qismət etməsin, bütün dustaqların qapısını açsın.
"YALANDAN DEMƏYİM Kİ, SEVİNCDƏN AĞLADIM..."
- Azadlığa çıxacağınızı eşidəndə hansı hissləri keçirdiniz?
- Məhkəmədə hakim dedi ki, cəzası üç il azaldılsın. Deyim ki, sevincdən ağladım, qışqırdım, yox. Ayağa durdum, qərar deyildi, təşəkkür edib, əyləşdim. Sonradan mənə çatdı ki, belə söz deyildi. Oturub fikirləşirəm ki, görəsən düz eşitdim? Gördüm, ətrafdakılar təbrik edir, ondan sonra əmin oldum. Gəldim həbsxanaya, qızlara dedim. Hamı o qədər sevinirdi ki... Məni ailəmə qovuşduranlara təşəkkür edirəm. Ölkə başçısı İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya minnətdaram".
 
- Ondan sonra günləri saymağa başladınız...
- İlk beş gün gec keçdi. Sonra başladım əvvəlki kimi günləri rahat keçirməyə. Gözləyə-gözləyə öyrəşirsən. Mən hər şeyə alışır, tabe oluram. Son iki gün çox həyəcanlı idim. Əslində, gec saatlarda yatıram, amma bu iki gün lap çətin keçdi. Nə gecə, nə gündüz yata bilmirdim.
"CİNAYƏT ETDİM, CƏZAMI ÇƏKDİM"
- Orada günləriniz necə keçirdi?
- Orada günlər daha tez keçirdi. Deyirdim ki, zaman  xeyrimə işləyir. O qədər də ağır gün yaşamadım ki, üsyan edəm, günlərlə ağlayam, başımı qucaqlayıb oturam. Məndə belə xüsusiyyətlər yoxdur. Düşündüm ki, cinayət etmişəm, cəzam nədirsə, onu da çəkəcəm. Dövlətin qanunları var... Bir tək sevənlərimi üzdüyüm üçün onlardan üzr istəyirəm.
 
Elə bir məşğuliyyətimiz yoxdur deyə, səhər oyanırdıq, yeyirdik, söhbət edirdik. Bütün günü oxuyurdum. Qəmli mahnılar ifa edirdim, ətrafdakılar pis olur, ağlayırdılar. Deyirdilər, kədərli mahnılar oxuma. Axı orada içimdən ancaq qüssəli mahnı oxumaq gəlirdi. Onsuz da hər zaman oxu tərzim bu yöndə idi, içəri düşəndən sonra da lap üstünə gəldi. Bir də kitab oxuyurdum. Orada olduğum ərəfədə "Quran" kitabını oxudum .
"TİKANLI MƏFTİLLƏRİN ARXASINDAN AYA BAXIRDIM"
- Heç planlar qururdunuz? Ən çox nə və kim üçün darıxırdınız?
- Tək bir düşüncəm var idi ki, ancaq oxuyacam. Heç bir plan qurmurdum. Ən çox ailəm üçün darıxırdım. Düzdür, həftədə bir dəfə onları görürdüm, amma yenə də insan ayrılanda qala bilmir. Bir də gecələr aya baxmağı sevirəm. Həbsdə olduğum 2 il ərzində heç ayı 5 dəfə görmədim. Tikanlı məftillərin arxasından baxırdım, üzərini məftillər örtürdü. Dururdum dəmirlərin arasından boylanırdım ki, ayı bütöv görüm. Son günlər düşünürdüm ki, az qalıb, çıxıb ayı bütöv görəcəm. Bu gecə yatmayacam, aya baxacam.
 
Plan deməzdim, işim oxumaqdır. Efirlərə gedəcəm, canlı mahnılar oxuyacam. Amma yüz faiz solo konsert verəcəm. İki ildir oxumaq üçün darıxmışam. Ürəyimi boşaldacam, nəyi var oxuyacam.
- Bir az keçək hadisələrin əvvəlinə. Həbs olunduğunuz günə...
- Bir dəfə getdim, şifahi danışdırdılar. İkinci dəfə çağırdılar və həbs etdilər. Bütün bunları məhkəmədə danışmışam, yenidən təkrar deməyəcəm. Hadisələr oldu, keçdi. Allahın məsləhətinə şükür. Keçmiş məsələləri yenidən açmaq istəmirəm. 
- Deyirsiniz, həmin hadisələri danışmayacam. Mətbuat konfransı keçirəcəyinizi bildirdiniz. Axı orada da sizə ilk ünvanlanan sual "Qoca" haqqında olacaq.
- Nə sual versələr onları da cavablandıracam. Onla bağlı suallara cavab verməyəcəm. Buna hüququm var. Hər kəs bilir necə oldu. Artıq həmin sualların yeri yoxdur.
 
"MƏN DAĞLAR QIZIYAM"
- Siz olmayan ərəfədə haqqınızda mediada xəbərlər işıqlandı. Onları oxuyurdunuz?
- Haqqımda olan bütün xəbərlər necə idisə, elə də yazıldı. Durub deməyəcəm, filan şey yalandır, düz deyil. Hər şey yazıldı, danışıldı. Bircə səhhətimlə bağlı xəbərlər düz deyildi. Yazırdılar, öldü, xəstəxanaya yerləşdirildi. Həbsxanada olanda heç vaxt səhhətimdə problem olmadı. İki ildə bir dəfə qrip də olmadım. Mən möhkəməm, dağlar qızıyam. Laçın havası udmuşam. Hepatit virusu məndə var, amma ağır vəziyyətdə deyil ki, xəstəxanaya yerləşdirilim. Gedəndən bir kameraya salındım, 2 ildir də orada oturdum. Özümü yaxşı hiss edirdim.
- Çıxandan yəqin ki, sənət dostlarınız da sizə zəng edir. Kimlərlə danışmısınız?
- Mənsum İbrahimovla danışdım. Əlimdə telefon yoxdur, bacıma yığmışdı. O qədər gəlib-gedən var ki, özüm də qalmışam belə.
İçəridə olanda sənət dostlarımın haqqımda dediklərini də izləyirdim. Hamısı barəmdə müsbət danışırdı. Ailəmə də maddi və mənəvi dəstək oldular. Heç kim heç nədən sığortalanmayıb, qınamaq lazım deyil. Hadisədir, olub da...

- Duet ortağınız Tacir Şahmalıoğlu ilə bacınız İlahə Fəda qalmaqal yaşadı. Bir neçə gün əvvəl isə Tacir Şahmalıoğlu dedi ki, Fədayə azadlığa çıxsın, duet oxuyacağıq.
- Qalmaqaldan xəbərim olmayıb. Ondan çox şey öyrənmişəm. Amma gedib birlikdə duet yazdıraq, lentə aldıraq olmayacaq. Ancaq verilişlərdə, toylarda duet oxumağımızı istəyən olsa, nə edə bilərik?
Zəhra ƏHMƏDOVA,
Foto: Ramin ASLANOV
 
 
 
 
 
 
 
 
 


İstifadəçi paneli