Azərbaycanda söz azadlığının və jurnalistlərin hüquqlarının pozulması......
Bu barədə Asmedia.az BBC News Azərbaycanca-ya istinadən xəbər verib:
Jurnalist Əfqan Muxtarlı 2018-ci ilin yanvarın 12-də 6 il müddətinə azadlıqdan məhrum edilib.
O, dövlət sərhəddini qanunsuz keçməkdə, qaçaqmalçılıqda və dövlət qulluqçusuna xəsarət yetirməkdə günahlandırılıb.
Jurnalist özü və beynəlxalq İnsan Haqları Müdafiə təşkilatları bunun siyasi səbəblərinin olduğunu və jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyirlər.
Jurnalist Əfqan Muxtarlı yerli və beynəlxalq platformalarda Azərbaycanda olan problemlərdən yazıb.
2014-cü il dekabrın 5-də dostu və həmkarı araşdırmaçı jurnalist Xədicə İsmayılova həbs edildikdən sonra Əfqan Muxtarlı araşdırmalarını davam etməyə başlayıb və Gürcüstanın paytaxtı Tbilisi şəhərində fəaliyyət göstərib.
Əfqan Muxtarlı 2018-ci ilin mayın 29-da "oğurlanaraq Bakıya gətirildiyini" deyib.
Azərbaycan bu işlə bağlı bəyanatında Əfqan Muxtarlının üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan Azərbaycan sərhədini qanunsuz keçdiyini və üzərində 10 min avro nağd pulun tapıldığını iddia edib.
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili hökumətin iclasında azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstandan "oğurlanması" iddiasında Gürcüstan dövlət orqanlarının iştirakını "istisna" edib.
Əfqan Muxtarlının işi ilə bağlı Gürcüstanın Sərhəd Polisi və Əks-kəşfiyyat Departamentinin başçıları istintaq müddətinə vəzifədən kənarlaşdırılıb, Gürcüstanın daxili işlər naziri Giorgi Mgebrişvili bildirib.
15 İyun 2017-ci ildə Avropa Parlamenti Azərbaycanlı jurnalist Əfqan Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və ona qarşı bütün cinayət ittihamlarının ləğv edilməsini tələb edib.
Jurnalist Seymur Həzi 2015-ci il yanvarın 29-da 5 illik həbs cəzası alıb.
Onun saxlanılması ilə nəticələnən hadisələr barədə mediada yayımlanan polis açıqlamasına əsasən, avqustun 29-da jurnalist Ceyranbatındakı avtobus dayanacağının yaxınlığında naməlum adama qarşı zor tətbiq etdiyindən sonra saxlanılıb.
Hadisə ilə bağlı Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsində "silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə xuliqanlıq" maddəsi ilə cinayət işi açılmışdı.
Seymur Həzi öz həbsinin ictimai fəaliyyətlə bağlı olduğunu deyir.
Jurnalistin vəkili Adil İsmayılov Reuters agentliyinə deyib ki, qərar "haqsız", məhkəmə işi isə "tamamilə qondarmadır".
Vəkilin sözlərinə görə, məhkəmə qərarına apellyasiya şikayəti veriləcək.
Azərbaycan Xalq Cəbhəsi partiyasının Rəyasət Heyətinin üzvü olan jurnalist, Azərbaycan hökumətini tənqid edən "Azərbaycan saatı" TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktorudur.
Jurnalist Nazim Quliyev 28 oktyabr 2008-ci il tarixində barəsində Nəsimi rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələri üzrə həbs-axtarış qərarı verilir.
24 aprel 2009-cu ildə Daxili İşlər Nazirliyi Baş Cinayət axtarış idarəsi, Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə baş idarəsi (“banditizm”) və Abşeron rayon polis idarəsindən ibarət silahlı birləşmələr tərəfindən həbs edilərək banditizmə aparılır. 20 may 2009-cu il tarixdə, iş №1 (006)-12/2009 saylı iş üzrə (hakimi Əhmədov Elman Məmməd oğlu) Bakı şəhəri Nəsimi rayon məhkəməsində, Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri və “Azərittifaq”ın İdarə Heyətinin sədr müavini, deputat Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Yolçu qızı Rüstəmxanlının iddiası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 6 ay müddətinə həbs edilir.
Cəzasının bitməsinə 2 ay qalmış Tənzilə Rüstəmxanlı və bir neçə qadıların iddiası ilə narkotika, reket, xuliqanlıq maddələri ilə, iftiralar sayəsində həbs müddəti 13 il 3 ay müddətinə uzadılır.
İsmayıllıda "Azadlıq" qəzetinin bölgə müxbiri kimi çalışmış Elçin İsmayıllı 2017-ci ildə həbs edilib.
Jurnalistə Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il həbs cəzası verilib.
O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.
Vəkil Elçin Sadıqov Elçin İsmayıllıya verilən hökmü "qanunsuz" sayır. Onun sözlərinə görə, məhkəmə araşdırması zamanı Elçin İsmayıllının "kimsədən hədə-qorxu ilə pul tələb etməsi sübuta yetirilməyib".
Jurnalist bu ittihamlarla razılaşmır və onları qondarma hesab edir.
Jurnalist Araz Quliyev xuliqanlıq və hakimiyyət nümayəndəsinə müqavimət ittihamı ilə 2012-ci ilin sentyabrında saxlanılan "xəbər44" xəbər saytının baş redaktoru, jurnalist Araz Quliyev Masallıda Beynəlxalq Folklor Festivalı zamanı dindarlarla polis qarşıdurmasını işıqlandırarkən saxlanılıb.
2013-cü ilin aprelində Lənkəran Ağır Cinayətlər Məhkəməsi ona 8 il həbs cəzası verilməsi haqda qərar çıxarıb.
"Reallıq.info" saytının rəhbəri İkram Rəhimovu 2018-ci ilin oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb. Ardınca onun haqqında məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. İkram Rəhimov tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirib.
İkram Rəhimov "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə"-də ittiham olunur.
İkram Rəhimov haqda qəbul edilmiş iki aylıq həbs qətimkan tədbiri uzadılıb və hazırda məhkəmə işi davam edir.