ƏLİ HƏSƏNOV PREZİDENTİ ŞANTAJ EDİR?

26-04-2020, 02:55

Əli Həsənov, jurnalistlərin binasındakı mənzilləri müəllimələrə, katibələrə, baş redaktorların heç bir haqqı olmayan qohum-əqrabalarına kim verib?
 
Rus tarixçisi A.İvanov siyasi hakimiyyətlərdən bəhs edərkən mühüm post tutan məmurları iki qismə bölürdü: dövlət maraqlarını qoruyanlar və dövlət maraqlarını şəxsi maraqlarına qurban verənlər.
Birinci kateqoriyaya daxil olan məmurlar demək olar ki, bütün dövlətlərdə eyni taleyi yaşayıblar: işdən ayrıldıqdan sonra sıravi vətəndaş kimi öz həyatlarına davam ediblər. Yəni vaxtilə təmsil olunduğu siyasi hakimiyyəti müxtəlif üsullarla şantaj etməyiblər.
İkincilər isə, adətən səs-küylü şəkildə tutduqları postlardan kənarlaşdırılıblar. Onlar ya vəzifə başında olarkən birbaşa həbsxanaya göndərilib, ya da vəzifədən çıxdıqdan bir müddət sonra vaxtilə təmsil olunduğu siyasi hakimiyyəti şantaj etdiyinə, dövlətçilik əleyhinə yönəlik addımlarına görə həbs ediliblər. Tarixi reallıq bu gerçəkliyi sübut edib və bu, bir aksiomadır. “Dövlət maraqlarını şəxsi maraqlarına qurban verənlər” heç bir vaxt bu aksiomanın tələblərindən kənara çıxa bilməyiblər. Belə şəxslərin həyat tezisləri və “kredo”ları dəyişilməzdir!
Prezidentin sabiq köməkçisi Əli Həsənovun xarakterini, iş xronologiyasını və fəaliyyət prinsiplərini təhlil edərkən onun ikinci kateqoriyaya daxil olan məmurların siyahısından xüsusi rənglə boylanması heç də təsadüfi deyil.
Birinci nüans: 
Adam uzun illər mühüm siyasi post tutaraq Azərbaycanın sivil siyasi münasibətlər sistemini “mina”layıb, istədiyi vaxt əlindəki “qırmızı düymə” ilə ölkəni siyasi xaosla üz-üzə qoyub. Onun diqtəsi ilə Azərbaycanın əksər müxalif siyasi institutları təkcə hakimiyyətə qarşı deyil, həm də dövlətçilik sütunlarının darmadağın edilməsinə qarşı səfərbər olub. Dövlətlə siyasi institutların, partiyaların bütün bağlarının kəsilməsi, ikincilərin daha çox xarici maraqlara ximdət etməsinə şərait yaradılması, ayrı-ayrı siyasi fəalları “ya ölüm, ya da dövlətə xəyanət” dilemması ilə üzbəüz qoymaq Əli Həsənovun “xidmət”lərinin kiçik bir hissəsidir. Halbuki, Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşdırılmasına əsas məsul şəxs məhz o idi. Amma siyasi ambisiyaları, “Vəzirovçuluq” xiffət onu fərqli edə bilməzdi.
İkinci nüans: Cəmiyyətin güzgüsü, dövlətin təqdimatı və ümumilikdə ictimaiyyətin tribunası rolunu oynamalı olan mətbuat məhz Ə.Həsənovun şəxsi maraqlarının qurbanına çevrildi. Böyük zaman kəsiyində mətbuat süni nəfəsliklə yaşadı. Ailə üzvlərinə, qohumlarına, dostlarına, yaxın adamlarına məxsus olan media qurumlarını cah-cəlal içərisində yaşatdı, dövlətin mediaya ayırdığı on milyonlarla vəsait havaya sovruldu, ciddi və monolit dayaqları, peşəkar kontingenti olan bütün media qurumları tam sıradan çıxarıldı, peşəkar jurnalistlər çıxdaş olundu, heç bir perspektivi, cəmiyyətə töhfə vermə resursları sıfıra bərabər olan şəxslər mediada “söz sahibi”nə çevrildilər. Qısası, Ə.Həsənov həm də mediada silsilə “mina”lanma siyasəti ilə hakimiyyətin növbəti mərhələdə islahatlar kursuna ciddi problem yaratmış təhlükəyə çevrildi.
Orta məktəb müəllimləri, baş redaktorların qohumları, mediaya aidiyyatı olmayan kənar texniki peşə sahibləri, katibələr Ə.Həsənovun iyrənc və təhlükəli oyununda “piyada” rolunu oynadılar. Ə.Həsənov həm də bu yolla xalqın hakimiyyətə olan etimadını zədələməyə cəhd etmiş oldu. Ölkə prezidentinin humanist addımından öz istədiyi kimi istifadə edərək jurnalistlərin binasında mənzillərin pulla satılması, həyat yoldaşı Sona Vəliyevaya yaxın şəxslərə verilməsi təkcə biabırçı hadisə deyildi, həm də dövlətin və Prezidentin siyasətini sabotaj etmək idi. Mənzillərin bölgüsü zamanı ciddi total saxtakarlıqlar baş verdi. Ə.Həsənov mənzilləri baş redaktorların qohumlarına (baş redaktorların bacısı əri, qardaşı oğlu, bacısı oğlu, kürəkəni, digər qohumlarına, eləcə də “münasibət”də olduqları katibələrə və s.) və həyat yoldaşı S.Vəliyevanın kitablarını yazan şəxslərə, o cümlədən rəfiqələrinə, qohumlarına verdi. Jurnalistlər binasının açılışı zamanı isə Ə.Həsənov utanamadan ölkə rəhbərinə yalan danışdı: “Cənab Prezident, hər şey şəffaf olub, mənzillər ədalətli bölünüb”.
Əli Həsənov, bəs jurnalistlərin binasındakı mənzilləri müəllimələrə, katibələrə, baş redaktorların heç bir haqqı olmayan qohum-əqrabalarına kim verib? Yalan, böhtan, saxtakarlıq üzərində qurulan addımlarının uzunömürlü olacağına çoxmu inanırdın?

Daha 2 mühüm məqam:
Birinci məqam: Əli Həsənov vəzifədən kənarlaşdırıldıqdan sonra PA-nın bəzi əməkdaşları “üsyan”a qalxıblar. Şübhəsiz ki, Ə.Həsənovun tabeçiliyində işləyən PA-nın həmin keçmiş əməkdaşları ondan xəbərsiz “üsyankar” addım ata bilməzdilər. Yeni islahatçı komandanı hədəf almaq hər bir halda qəbuledilməzdir və normal əqidəyə sahib olan heç bir dövlət qulluqçusu işdən çıxdıqdan sonra şantajla məşğul olmamalıdır. Bu günə qədər PA-dan minlərlə adam işdən çıxıb, amma heç biri özlərini “əvəzolunmaz” kadr kimi təqdim edərək, çirkin əməllərlə məşğul olmayıblar. Vaxtilə PA-da çox yüksək maaşla işləyən bu şəxslər, görəsən, indiyə qədər talelərini məhv etdikləri jurnalistlərin halını anlayırlarmı?
İkinci məqam: Əli Həsənov işdən çıxarılmasını həzm edə bilmir. Dövlətçilik sütunlarının darmadağın edilməsi istiqamətindəki atdığı addımlar yarımçıq qaldığına, qaranlıq əməlləri deşifrə olunduğuna görə tutduğu postdan qovulmasını “həzm edə” bilmir, ona görə də “müqavimət” göstərir. Amma Ə.Həsənov bir həqiqəti anlamalıdır ki, onu bu vəzifədən Prezident İlham Əliyev çıxarıb. Həm də məhz yarıtmaz fəaliyyətinə görə. Əgər Ə.Həsənov işdən çıxarılmasına görə bu gün “üsyan” edirsə, ətrafında olan bəzi keçmiş və indiki radikal müxalifət nümayəndələri vasitəsilə şantajla məşğuldursa, şübhəsiz, bu şantaj və “üsyan”ın bir ünvanı var: prezident İlham Əliyev! Bütün bunlara rəğmən, o, yanında saxladığı bir-iki nəfər “trol” vasitəsilə yenidən fəaliyyətə başlayıb, vaxtilə atdığı iyrənc addımları indi başqalarının ayağına yazmaqla məşğuldur. Yadınızdadırsa, Ə.Həsənov vəzifədə işləyərkən heç bir jurnalist onun barəsində tənqidi məqalə yaza bilməzdi, əgər yazardısa, onu ya həbs gözləyirdi, ya da ciddi təzyqlər. İndi də haqqında yazılan haqlı tənqidi yazılara, əldə olunmuş təkzibolunmaz faktlara da xüsusi “tərz”də yanaşır, “verbovka” olunmuş şəxslərin əli ilə hakimiyyəti hədəfə alır. Hazırda BMM-də yanında saxladığı uğursuz “tərcüməçi”lər (keçmiş radikal müxalifətçi) vasitəsilə öz əməllərindən əl çəkmir, yeni təyin olunmuş şəxsləri məsxərəyə qoyur, haqqında əldə olunmuş yeni faktları başqalarının ayağına yazmaqla “təkzib” edir.
Amma Ə.Həsənovun susmamasının, öz aləmində “müqavimət” göstərməsinin, ölkə rəhbərliyinin qərarlarına hörmətlə yanaşmamasının, yeni təyin oluna gənc kadrları “trolları” vasitəsilə məsxərəyə qoymasının və hədəfə almasının bir səbəbi var: həlqələr daralır…
(Ardı var)
Növbəti yazıda biləcəksiniz ki:
- Əli Həsənov jurnalistlər üçün tikilən binalardan nə qədər pul əldə edib?
- Əli Həsənov jurnalistlərin binasından mənzilləri kənar peşə sahiblərinə necə və konkret olaraq kimlərə verib?
- Əli Həsənovun hakimiyyətdən “gözlənti”ləri nədir və bu məsələdə kimlərlə əlbirdir?

Qatv.az


İstifadəçi paneli