Adil Əliyevdən Mehdiyevə sensasion ittihamlar

2-09-2020, 19:10

Ramiz Mehdiyevin onu tənqid edən millət vəkillərini hədəfə alması necə bir dövlət adamı olmasından xəbər verir. Bu adamda zərrə qədər dövlətçilik şüuru olsaydı, tənqidə dözümlü yanaşar, emosiyalara qapılmadan səhvini etiraf edər və istefa verib istirahətə gedərdi. O isə haqlı iradları süngü ilə qarşılayır.
İDEAL MEDİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev Ovqat.com-a verdiyi geniş müsahibəsində deyib.
O bildirib ki, heç kəsi təhqir etməyib:
“Demişəm ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Karantin qaydalarını pozan yüksək rütbəli məmur hüquq-mühafizə orqanları qarşısında cavab verməlidir. Necə ki, Ümumdünya Səhiyyə Təşkilatının direktivlərinə uyğun olaraq ölmüş dədəsinə yas saxlaya bilməyən sadə vətəndaşlar bunu etməyə məcburdur. Özünü böyük dövlət xadimi sayan, mənəviyyatdan, əxlaqdan danışan, Qurandan, hədisdən sitat gətirib peyğəmbərlik eşqinə düşən Ramiz Mehdiyev mənim hansı fikrimlə razılaşmır? Ramiz Mehdiyev, görünür, özünü xüsusi imtiyazlı şəxs kimi görür və qanunu pozduğuna görə ona tutulan kiçik bir irada belə sərt reaksiya verir. İmtiyazını isə guya hakimiyyətə xidmətləri ilə əsaslandırır. Halbuki onun hakimiyyətə, mərhum Ulu öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə nə qədər sədaqətli olduğu mübahisəlidir. Heç kəs bu ölkədə çörəyi qulağına yemir. Kimin kim olduğu, bu hakimiyyət üçün nələr etdiyi hər kəsə bəllidir. Məşhur bir mahnının sözləri ilə desək, Ramiz Mehdiyevə “mürgülü xatirələri yada salmamağı” məsləhət görürəm.
Üstəlik, uzun illər boyu hakimiyyətin ən yüksək pillələrində təmsil olunmaq insana əlavə imtiyaz vermədiyi kimi, əksinə onun qanunlara tabeçilikdə mənəvi məsuliyyət yükünü artırır. Sən əgər siyasi liderə, qanunlara sadiqsənsə, onun tələblərinə hər kəsdən daha çox əməl etməli, yaxşı nümunə ortaya qoymalısan. Ramiz Mehdiyevin ortaya qoyduğu nümunə isə itaətsizlikdir. Bunu yalnız o adam edər ki, insanları qanuni hakimiyyətə qarşı üsyana çağırır, ölkədə hərc-mərclik salmaq istəyir. Təsadüfi deyil ki, hakimiyyət nümayəndələrinin xoş niyyətlə tutduğu iradı süngüylə qarşılayan akademik onları müxalifətlə müqayisə edir və üstünlüyü hakim zümrənin qanını içməyə hazır olanlara verir. Müxalifəti mənəviyyat əhli, öz komanda yoldaşlarını isə ikiüzlü, məkrli zümrə kimi tanıdır. Məncə, bu fikirləri səsləndirməzdən əvvəl o öz siyasi mövqeyini müəyyənləşdirməli, açıq-aşkar müxalifətə keçməli idi. Hakimiyyət pramidasının ən yüksək mərtəbəsində oturub müxalifətdən daha müxalif mövqe tutanlar, xalq üçün itaətsizlik nümunəsi yaradanlar, Ramiz müəllim qüsura baxmasın, daha çox ikiüzlülük təsiri bağışlayır”.
A.Əliyev sözlərinə görə, nə onun, nə də yaxınlarının yüksəlişində Ramiz Mehdiyevin heç bir rolu olmayıb:
“Əksinə o, bütün milli qüvvələr kimi bizim də ayağımızın altını qazıb. Ümumiyyətlə, bu adamın işi-peşəsi mütərəqqi, dövlətə bağlı qüvvələri sıradan çıxarmaq idi. Onun bu məkrli siyasətindən ən çox əziyyət çəkənlərdən biri də mən və yaxın çevrəmdir. Bunu bizi yaxşı tanıyanlar gözəl bilirlər. Ramiz Mehdiyevin mənim yüksəlişimdə heç bir iddiası ola bilməz. Mən dövlətimə sadiq adamam və hər nə qazanmışamsa, Prezident İlham Əliyevin sayəsində qazanmışam. Ramiz Mehdiyevin ətrafına topladığı qüvvələr hər kəsə bəllidir. Onların hansı prinsiplə işləməsi də, akademikin hansı kriteriyalara görə öz kadrlarını yüksəltdiyi də heç kimə sirr deyil. Təəssüf ki, mənim ictimai statusum çox şeyləri deməyə imkan vermir. Çünki qanunverici hakimiyyətin sədarətində təmsil olunuram. Məhkəmə hakimiyyətinə aid olan məsələlərə qarışmağım düz çıxmaz. Hesab edirəm ki, hüquq-mühafizə orqanları Ramiz Mehdiyevin əməlləri və çevrəsi barədə kifayət qədər informasiyaya malikdirlər. Zamanı gələndə onlar öz sözlərini deyəcəklər və təkzibolunmaz faktları bir-bir ortaya qoyacaqlar”.
Vitse-spiker qardaşı Məhərrəm Əliyevin Bakı şəhər BPİ-nin rəisi vəzifəsindən uzaqlaşdırılması ssenarisinin Ramiz Mehdiyevin kabinetində cızıldığını da qeyd edib.
Hüquq-mühafizə orqanlarının Ramiz Mehdiyevin əməllərinə hüquqi qiymət verməyə tələsmədiyini bildirən A.Əliyev deyib:
“İndiki kritik məqamda həmin məsələlərin açılıb-ağardılması ciddi qalmaqallara yol aça bilər. Görünür, məhz bu səbəbdən də hüquq-məhkəmə sistemi ehtiyatla davranmağa üstünlük verir. Çünki Ramiz Mehdiyevin barəsində irəli sürülən ittihamların məhkəmə predmeti olması, özünün də dediyi kimi, qonşu dövlətlərlə münasibətlərin korlanmasına yol aça bilər. Məhz bu səbəbdən, belə məhkəmə prosesləri adətən tam məxfi aparılır. Görünən budur ki, akademik də bunun fərqindədir və AMEA-nın rəsmi saytını özünün şəxsi bloq səhifəsinə çevirməsi də, başqa dövlətlərin adını çəkib öz müdafiəsinə qoşmağa çalışması da bu arxayınçılığından irəli gəlir. Açığı, Azərbaycan dövləti bu amilləri nəzərə alıb, onu hörmətlə yola salmaq istəyirdi. Prezident İlham Əliyev akademikə dövlət mükafatı təqdim edərkən də əslində bu mesajı vermək istəyirdi. O isə keçmiş missiyasını əldən verməmək üçün iki ayağını bir başmağa dirədi. İddialara inansaq, Akademiyada otura-otura yenə özünə bağlı kadrları ölkənin əsas idarəçisi kimi qəbul edir, iclaslar keçirirdi. Dövlət də məcbur olub onunla danışıq tərzini qismən sərtləşdirdi. Bu adam hələ də ona verilən mesajı anlamaq fikrində deyil. Bir çox inzibati tədbirlər də onun bu inadkarlığı səbəbindən baş verdi”.
A.Əliyev akademikin əleyhdarlarına verdiyi yazılı açıqlamalarında dini motivlərə istinad etməsinin ona qəribə gəldiyini də vurğulayıb:
“Bu adamın elmi araşdırmaları ateist nəzəriyyələrlə bağlı olub. Uzun illər Azərbaycan Dövlət Universitetində elmi kommunizmdən “moizələr” oxuyub. 82 yaşında isə birdən-birə dindarlaşıb. Quran, yaşından asılı olmayaraq, hər kəsə tövbə etmək haqqı verir. Ramiz Mehdiyevin də, təbii ki, bu haqqı var. Amma tövbə edən şəxs gərək bu günə qədər etdiyi bəd əməllərinin nəticələrini aradan qaldıra. Bunu etmədən insanın tövbəsi qəbul olunmaz. Ramiz Mehdiyev niyə tövbə edir, bilirsiniz? Çünki 25 ildir əyləşdiyi kreslosunu əldən buraxmaq istəmir. Bir növ Allahın kəlamlarının arxasında gizlənib cəmiyyəti uçuruma sürükləmək siyasətini davam etdirməyə çalışır. Sitat gətirdiyi ayə isə “Rəd” surəsinin 11-ci ayəsidir. Orda bir qövmün özünü dəyişdirməsə, halının dəyişilməyəcəyindən söhbət gedir. Bu ayənin ruhu Ramiz Mehdiyevin arzu və istəkləriylə ziddiyyət təşkil edir. Çünki Ramiz Mehdiyev Azərbaycanı keçmiş sovet sistemində olduğu kimi idarə etmək arzusundadır. Yəni cəmiyyəti ən azı 30 il geriyə sürükləmək, yerində saydırmaq istəyir, amma “Öz”ün, mahiyyətin dəyişilməsindən danışır. Bilirsinizmi, bu nəyə bənzəyir? Vaxtilə Həzrət Əliyə qarşı döyüşən Müaviyə ordusu məğlub olduğunu görəndə nizələrinə Quran taxıb imamın əsgərlərinin qarşısına çıxmışdı. Bununla da qarşı tərəfin dini duyğularını istismar edərək canlarını qurtarmışdılar. 82 yaşına qədər elmi-ateizmin ən öndə gedən təbliğatçısının indi Qurandan ayə gətirməsi adama bu səhnəni xatırladır. Halbuki, o, Marksdan, Engelsdən də sitat gətirə bilər və daha səmimi görünərdi. Yeri gələndə Marks da, Engels də bəşəriyyətin yetişdirdiyi böyük dahilərdəndir və dünyanın bir çox yerlərində, hətta kapitalizm sistemində onların fikirləri ciddi mənbə kimi qəbul olunur. Ramiz Mehdiyev isə nədənsə bu dahi şəxsiyyətlərə deyil, dini motivlərə istinad edərək özünü qorumağa üstünlük verir. Bununla həm də tövbəli olduğunu göstərmək istəyir. Mən də Ramiz müəllimə elə Qurandan bir hekayəni xatırlatmaq istəyirəm. Müqəddəs kitabımızda deyilir ki, firon dənizdə boğularkən tövbə edir. Amma Allah onun tövbəsini qəbul etmir. Çünki son nəfəsdə edilən tövbələr qəbul olunmaz. Sən əgər bu günə qədərki səhvlərini və onların nəticələrini düzəltmək imkanına sahib deyilsənsə, etdiyin tövbənin nə mənası var? Ramiz Mehdiyev son 25 ildə Azərbaycan xalqına vurduğu zərərləri necə kompensasiya etmək istəyir - siyasi hakimiyyətə itaətsizliyi iləmi? Yoxsa Elmlər Akademiyasının elmi məcmuəsi kimi tanınan bir saytı özünün siyasi mülahizələrinin tirajlandığı şəxsi bloq səhifəsinə çevirməkləmi? Yeri gəlmişkən, AMEA-nın rəsmi saytında siyasi açıqlamalar verməyin özü də bir cinayətdir, qanun-qayda tanımamaq deməkdir. Ramiz Mehdiyev qanunlara itaətsizliyini bu sahədə də davam etdirir”.


İstifadəçi paneli