Tolstoy fikirlərinə görə Azərbaycandan üzr istəməlidir - Aydın Mirzəzadə

21-07-2023, 16:35

Rusiya Dövlət Dumasının vitse-spikeri böyük səhv edir. Onun söylədiyi fikirlər beynəlxalq hüquq normalarına, Rusiyanın rəsmi siyasətinə, hakim Vahid Rusiya Partiyasının siyasi xəttinə ziddir.

ASMedia.az  xəbər verir ki, bu fikrləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun təxribatçı çıxışındakı fikirlərinə etiraz olaraq deyib.

"Pyotr Tolstoy bilməlidir ki, bugünkü dünyada sülhün, stabilliyin qorunmasının əsas şərtlərindən biri dövlətlərin suverenliyinə, dövlət müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaqdır. Pyotr Tolstoyun dedikləri orta əsr təfəkkürünün, Çar Rusiyasının işğalçılıq ideologiyasının qalığıdır", - deyə Aydın Mirzəzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Tolstoy tanınmış tele-jurnalistdir və efir verilişləri ilə parlament mövqeyini dəyişik salır. O bilməlidir ki, dünyanın müstəqil dövlətlərinin hər biri öz müstəqilliyinin keşiyindədir. Beynəlxalq hüquq da dövlət müstəqilliklərinin keşiyindədir.

Aydın Mirzəzadə bildirib ki, Pyotr Tolstoy bu fikirlərinə görə ilk növbədə Azərbaycandan üzr istəməlidir. Onun söylədiyi fikirlər Rusiya Prezidentinin, hakimiyyətinin, hakim Vahid Rusiya Partiyasının siyasi mövqeyinə ziddir və bu cür fikirlər iki dövlət arasındakı münasibətləri böyük zərbə altında qoyur.

Aydın Mirzəzadə Rusiyanın rəsmi dairələrinin qısa bir zamanda hakim partiyanı təmsil edən vitse-spiker postunda olan Tolstoyun fikirlərinə aydınlıq gətirəcəklərinə və təkzib edəcəklərinə inandığını deyib. Milli Məclisin deputatı qeyd edib ki, Rusiyanın bu gün Azərbaycanla münasibətləri var. Azərbaycanla Rusiya strateji müttəfiqlərdir və strateji müttəfiqin suverenliyini şübhə altına almaq siyasətçi üçün bağışlanmaz, böyük səhvdir.


İstifadəçi paneli