Bakıya “dost əli” uzadan, səfirliyimizin bərpa edilməsini istəyən İran paralel şəkildə Azərbaycanın “ayağının altını qazır”.
Rəşt şəhərində təşkil edilən “Talış - İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans Azərbaycanın parçalanması ideyasının açıq şəkildə dəstəklənməsindən başqa bir şey deyil. Konfransın “fəxri qonağı” Avropada yaşayan, Azərbaycanın talış əsilli vətəndaşlarının adından danışmağa cəhd edən Boris Talışinskini “talış muğan respublikası mühacir hökumətinin prezidenti” kimi təqdim ediblər. Konfransın əsas təşkilatçısı Əhməd Kazımi isə Boris Talışinskini “şimali talışstanın mərhum prezidenti general Əliəkrəm Hümətzadənin varisi” adlandırıb. Konfransda Azərbaycan ərazisi “şimali talışıstan” kimi göstərilir, burada yaşayan “qardaş-bacılarının hüquqlarından” bəhs edirlər.
Azərbaycana qarşı etnik zəmində təxribat törətmək məqsədi daşıyan bu konfransın arxasında İran rejiminin dayandığı şübhəsizdir. İran təşkilatçılığı Əhməd Kazımiyə həvalə etməklə, konfransı “mədəni-tarixi” konsepsiyaya salmaqla özünü gizlətmək istəsə də, açıq izlər buraxıb.
Birincisi, “Avrasiya məsələləri üzrə ekspert”, yaxud “beynəlxalq məsələlər üzrə professor (?)” kimi təqdim edilən konfransın moderatoru Əhməd Kazımi birbaşa İranın rəsmi dairələrinə bağlı olan şəxsdir və Azərbaycana qarşı mütəmadi çıxışları ilə tanınır;
İkincisi, konfransda İran dövlətinin adından danışılır, dünyada yaşayan talış əsilli insanların İranın bayrağı altında toplanmasından, “şimali talşıstan” adlandırdıqları ərazidə - Azərbaycanda yaşayanların “müdafiəsi”ndən bəhs edilir;
Üçüncüsü, konfransla bağlı məlumatı İranın dövlət xəbər agentliyi – İRNA yayıb;
Dördüncüsü, Boris Talışıniski də daxil olmaqla, talış əsilli vətəndaşlarımızın adından danışmağa iddia edənlərə, ümumiyyətlə, Azərbaycanın parçalanması ideologiyasını daşıyanlara İran rejiminin dəstək verdiyi sirr deyil.
Bu konfransın indi təşkil edilməsi – Azərbaycana qarşı etnik zəmində təxribat planının aktivləşdirilməsi təsadüfi deyil və istisna edilməməlidir ki, bu planda əsas iştirakçı olan digər ölkə Ermənistandır. Məqsəd Qarabağda erməni separatizminin məhv edilməsindən sonra Azərbaycana qarşı “etnik kartı” başqa formada körükləməkdir. Azərbaycanı bölmək ideyasını dəstəkləyənlərin Ermənistanla sıx əlaqələrə malik olduğu da bəlli məsələdir. Misal üçün, Ə.Hümbətov İrəvanda “qəhrəman” kimi qəbul olunurdu, işğal dövründə Şuşada radio da açmışdı. Onun davamçıları da mütəmadi olaraq Ermənistana səfərlər edib.
Bu təxribat planında hər iki ölkənin cari hədəfləri var:
- İranın cari dövr üçün hədəfi Azərbaycana təzyiq etmək, bölgədəki maraqlarının qəbul edilməsinə nail olmaqdır;
- Ermənistanın cari dövr üçün hədəfi Azərbaycanla sülh danışıqlarında “əlini gücləndirmək”, rəsmi Bakıya qarşı təzyiq rıçaqı əldə etməkdir.
Hər iki ölkənin uzunmüddətli hədəfi isə Azərbaycanı parçalamaqdır. Görünür, erməni separatizminin ləğv edilməsini bu yolla kompensasiya etməyi düşünürlər. Lakin nə İran, nə Ermənistan anlamır ki, Azərbaycanda etnik-milli zəmində qarşıdurma mümkün deyil, nə vaxtsa etməyə çalışsalar da, nəticə uğursuz olub. Bu ölkənin hər bir fərdi kimi Azərbaycan uğrunda döyüşən, şəhid verən talış əsilli vətəndaşlarımız Hümbətova göstərdiyi “yeri” onun davamçılarına da göstərir.