“Süpürgəçi işləyirəm. Razində yol süpürürəm, 241 manat maaşla beş uşağa baxıram. Ancaq qaldığımız daxma yaşayası vəziyyətdə deyil. Baxmayaraq ki,məcburi köçkün statusum var. Amma Qaçqınların və Məcburi Köçkünləri İşləri Üzrə Dövlət Komitəsinə nə qədər müraciət etsəm də, müraciətimə baxan yoxdur”
Bunu “Qafqazinfo”ya müraciətində Füzuli rayonundan məcbur köçkün, hazırda Sabunçu rayonu, Natəvan küçəsi döngə 2-də yaşayan Gülsarə Həziyeva bildirib.
O qeyd edib ki, 12 ildir ki, baxımsız daxmada yaşayır: “Qonşulardan bir dəfə yığılışıb bizə kömək etmək istədilər. Pul da yığıldı. Sonra bir nəfər dedi ki, həmin pulları oğlumun adına kart açıb ora qoyaq. Kart da açdılar. Hardasa 4000 manat pul yığılmışdı. Sonra məlum oldu ki, həmin oğlan bütün pulları çıxarıb, özünə maşın alıb Rusiyaya qaçıb. Bizə elə həmin küçədə başqa bir evə kirayəyə çıxartdılar. Onun da şəraiti elə belə idi. Bir dəfə gəlib gördüm ki, balam evə yağış yağıb soyuqlayıb. O evdə qucağımda can verdi. Mən bir də kirayəyə getmərəm. Dövlət ev verəndə ora gedərik.
Uşaqların atası da bizi qoyub gedib. 241 manat maaş alıram, hər ay 60 manat çörək pulu verirlər. Kommunal xərclərimi özüm ödəyirəm, 70 manat ışığa borcum var. Onu da ödəyə bilmirəm. 10 yaşlı və 8 yaşlı oğlanlarım imkansızlığa görə məktəbə gedə bilmir. Çünki onlara çanta, paltar alacaq imkanında deyiləm. 1 həftə əvvəl də “Qaçqınkom”a müraciət etmişdim. Arayışıma baxan olmadı”.
“Qafqazinfo” məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib.
Müraciətə cavab olaraq bildirilib ki, Füzuli rayonundan məcburi köçkün haqqında informasiya verildikdən dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və müvafiq şöbələri tərəfindən məsələ dərhal nəzarətə götürülüb. Aparılmış araşdırma nəticəsində məlum olub ki, haqqında məlumat yayılmış şəxs Füzuli rayonundan məcburi köçkün Həziyeva Gülsarə Abbas qızıdır. G.Həziyeva Sabunçu rayonu, Sabunçu qəsəbəsi Qanboy Vəzirov 2 ünvanında müvəqqəti məskunlaşıb. Həyat yoldaşı yoxdur, 5 uşağı ilə birgə yaşayır.
Hazırda Dövlət Komitəsinin Bakıda xüsusi yaşayış fondunda boş mənzil olmadığı üçün ona Füzuli rayonunda yeni inşa edilmiş qəsəbədə dörd otaqlı mənzil təklif olunub. Bundan başqa, G. Həziyevaya Bakıda yeni qəsəbə istifadə verilənədək – üç ay müddətində bütün zəruri avadanlıqla təmin olunmuş kirayədə yaşamaq təklif edilib.
Lakin məcburi köçkün Gülsarə Həziyeva hər iki təklifdən imtina edib”.