Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 01.04.2020-ci il saat 08:00-dan 02.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 24-ü rayon, 190-ı paytaxt istiqamətinə olmaqla 214 nəqliyyat vasitəsinin geri qaytarılıb.
Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 14-ü rayon, 63-ü paytaxt istiqamətinə olmaqla 77 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 68-i rayon, 88-i paytaxt istiqamətinə olmaqla 156 nəqliyyat vasitəsi geri qaytarılıb.
Rəsmi məlumata görə, Sumqayıt şəhərinin çıxışında yerləşən keçid postundan 395 nəqliyyat vasitəsi geri qaytarılıb.
Abşeron rayonunun çıxışında yerləşən keçid postundan 796 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
Gün ərzində 1638 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 12 nəfər inzibati qaydada həbs olunub, 1 243 nəfərin barəsində isə cərimə növündə inzibati tənbeh tətbiq edilib.
19 martdan 2 aprel saat 08:00-dək 8 685 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 02.04.2020-ci il 08:00-dək isə 6 380 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.
Ümumilikdə bu günədək 16 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.