Asmedia.az əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4-312.2-ci (Təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, rüşvət verməyə təhrik) maddələri ilə təqsirləndirilən K.Abbasovaya hökm oxunub.
Məhkəmə prosesində məlum olub ki, əvvəllər dələduzluq etdiyinə görə məhkum edilən və qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsində cəza çəkən Könül orada özünü DTX zabiti kimi tanıdıb.
Daha sonra azadlığa çıxan qadın həbsxanada tanış olduğu qadını aldadaraq külli miqdarda pulunu ələ keçirib. Belə ki, o,
- Özgə əmlakını ələ keçirmək məqsədilə rəfiqəsi Aynura (şərti) özünü DTX-nin kapitan rütbəli əməkdaşı kimi təqdim etməklə, həmin qurumda yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, müəyyən pul müqabilində istənilən şəxsi dövlət qurumlarına işə düzəldə biləcəyini mütəmadi şəkildə bildirib. Bu yolla o, Rusiyanın Azərbaycandakı səfirliyində işləyən “Nataşa” adlı şəxslə guya yaxın münasibətinin olduğunu, həmin əlaqələrindən istifadə edərək aylıq 3 min manatlıq əmək haqqı olan işə onun vasitəsilə düzəldəcəyinə əmin edib. Bunun qarşılığında o qarşı tərəfdən 10 min manat nağd pul və 36 330 manatlıq qızıl-zinət əşyaları alaraq “Nataşa”ya rüşvət qismində verilməsinə təhrik edib.
- Bundan başqa K.Abbasova digər tanışını DTX-nin klinikasına diş həkimi kimi işə düzəldəcəyinə söz verərək 10.000 manat alaraq dələduzluq edib.
- Həmçinin K.Abbasovanın digər qadına əlillik dərəcəsi təyin edilməsini söz verərək 1000 manat alması da müəyyən edilib.