20 Yanvar: Azərbaycan tarixində qanlı faciənin 35-ci il dönümü

Dünən, 00:16

Azərbaycan tarixinə "Qanlı Yanvar" faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin 35-ci ildönümüdür. Bu gün xalqımız həmin ağır hadisələri dərin hüzn və ehtiramla xatırlayır.


1987-ci ilin sonlarından etibarən yenidən gündəmə gətirilmiş qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünü hədəfə almış, torpaqlarımızın işğalı ilə nəticələnən proseslərin əsasını qoymuşdur. Nəticədə, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlı doğma yurdlarından zorla çıxarılmışdır. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlayan bu münaqişə, XIX–XX əsrlərdə ermənilərin Azərbaycan torpaqlarında məqsədyönlü şəkildə məskunlaşdırılması, eləcə də xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.


Ermənistan SSR-nin Azərbaycana qarşı ərazi iddiaları, radikal erməni millətçilərinin təhrik etdiyi separatizm və soydaşlarımıza qarşı törədilən kütləvi zorakılıqlar SSRİ rəhbərliyinin birbaşa və ya dolayı dəstəyi ilə daha da gücləndi. Həmçinin, Azərbaycanın o dövrdəki rəhbərliyinin qətiyyətsizliyi və milli maraqlara zidd fəaliyyəti xalqımızı ayağa qalxmağa məcbur etdi. Bununla respublikada geniş sosial bazaya malik xalq hərəkatı formalaşdı və bu hərəkat tədricən milli azadlıq mübarizəsinə çevrildi.


20 Yanvar faciəsi: Qanlı qətl və qəhrəmanlıq dastanı


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinə aid qoşunlar Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnika və müxtəlif silahlardan açılan atəşlə kütləvi şəkildə qətlə yetirildi. Bu əməliyyat xüsusi qəddarlıqla həyata keçirildi. Fövqəladə vəziyyət elan edilməzdən əvvəl 82 nəfər öldürüldü, 20 nəfər ölümcül yaralandı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə Bakıda 21 nəfər, yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirildi.


Ümumilikdə, 131 nəfər şəhid oldu, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar, təcili yardım işçiləri və milis əməkdaşları da var idi. Şəxsi və dövlət əmlakına ciddi ziyan vuruldu, yüzlərlə ev və avtomobil dağıdıldı.


Sovet ordusunun bu hərəkətləri beynəlxalq tribunalda pislənən müharibə cinayətlərinə uyğun əlamətləri özündə ehtiva edirdi. Qanlı Yanvar hadisələri zamanı Azərbaycanın 150 nəfər vətən övladı şəhidlik zirvəsinə ucaldı.


Milli müqavimətin təməli və müstəqilliyə gedən yol


Faciənin ertəsi günü, yanvarın 21-də, Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək SSRİ rəhbərliyini və Azərbaycanın o dövrkü zəif rəhbərliyini kəskin tənqid edən bəyanat verdi. Bu, xalqımızın iradəsinin qırılmadığını, müstəqillik uğrunda mübarizəyə davam edəcəyini göstərdi.


1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə faciəyə siyasi-hüquqi qiymət verildi. Milli Məclis 20 Yanvar faciəsini milli azadlıq mübarizəsini boğmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz kimi qiymətləndirdi.


Tarixi Zəfər və gələcəyə ümid


2020-ci ilin Vətən müharibəsində qazanılmış Tarixi Zəfər, 20 Yanvar şəhidlərinin narahat ruhlarına dinclik gətirdi. Bu gün Azərbaycanın tarixi torpaqlarına qayıdış milli ideyamızın ayrılmaz hissəsidir. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilir, artıq Böyük Qayıdış prosesinə başlanılıb.


Azərbaycan xalqı 20 Yanvar hadisələrində göstərilən milli iradə və mübarizə nümunələrini gələcəyə ümidlə yaşadır. Hər il bu tarix Ümumxalq Hüzn Günü kimi dərin hörmət və ehtiramla yad edilir.



İstifadəçi paneli